“Bu, əsgərlikdən yayınma hallarını azaldacaq” – TƏKLİF

Sosial

19.06.2025 17:31

Bəzi ailələr var ki, onların yeganə qazanc mənbəyi hərbi xidmətə çağırılan şəxs olur. Bu halda həmin şəxsin əsgərliyə getməsi ilə ailənin gəliri tamamilə kəsilir və nəticədə ciddi sosial və iqtisadi çətinliklər yaranır. 

Sosioloq Lalə Mehralı TodayPress TV-yə açıqlamasında bildirib ki, bəzi ailələrdə azyaşlı uşaqlar, işləyə bilməyən həyat yoldaşı və ya xəstə valideynlər ola bilər. 

Onun sözlərinə görə belə vəziyyətlərdə uşaqların qida, geyim və digər gündəlik ehtiyacları qarşılanmadan qalır.

“Dövlət belə ailələri nəzarətdə saxlamalıdır. Əsgərlikdə olan şəxsin maaşı tamamilə kəsilməməli, ailəsi ya onun maaşı hesabına, ya da sosial yardım formasında dəstək almalıdır. Bu, həm də əsgərlikdən yayınma hallarının azalmasına səbəb olar. Çünki bəzi gənclər sırf ailələrinin ağır vəziyyətə düşəcəyini bildikləri üçün əsgərliyə getməkdən imtina edirlər”.

Sosioloq həmçinin vurğulayıb ki, bəzi hallarda gənc oğlan ailəli olmasa belə, xəstə və yaşlı anasına baxır və onun əsgərliyə getməsi həmin ananın baxımsız qalması deməkdir. O vurğulayıb ki, bu gün Azərbaycanda belə vəziyyətlərdə yaşlıların qayğısını üzərinə götürən sistemli mexanizm zəifdir.

"Oğul əsgər getsə, ananı ölümə tərk etmiş olur. Dünya ölkələrində bu işi bələdiyyələr həyata keçirir. Məsələn, bələdiyyələr həftəlik bazarlıq edir, evin təmizliyi, dərman təminatı və sosial ehtiyaclarını qarşılayır. Amma bizim ölkəmizdə bələdiyyələrin maliyyə imkanları zəifdir, bu səbəbdən belə xidmətləri həyata keçirə bilmirlər".

Ekspert qeyd edib ki, sosial yardım mərkəzləri olsa da, bu dəstəyin yalnız bir neçə ailəyə göstərilməsi yetərli deyil. Onun fikrincə, dəstək kütləvi olmalıdır. Əks halda çağırış başladığı zaman çox sayda ailə bu səbəbdən narahatlıq və sıxıntı yaşayacaq.

Lalə Mehralının fikri, hərbi xidmətə gedən şəxslərin ailələri üçün davamlı sosial dəstək mexanizmi formalaşdırılmalıdır.

Qeyd edək ki, iyulun 1-dən Azərbaycanda hərbi xidmətə yeni çağırış başlayır.

Türkan İsgəndərli

tag: Lalə Mehralı,Sosioloq,Əsgərlik,Yayınma,todaypress.tv,

photo