Azərbaycanda iş saatları arta bilər? - AÇIQLAMA
Sosial
20.10.2025 14:37
Yunanıstanda 13 saatlıq iş rejimi barədə qərarın verilməsi sosial medianın Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub.
Sözügedən praktikanın ölkəmizdə də tətbiq oluna biləyi barədə narahatlıqlar var.
Hətta bəzi istifadəçilər iddia edirlər ki, bəzi iş yerlərində bu təcrübə onsuz da tətbiq olunur.
Maraqlıdır, Azərbaycanda belə hallar baş verərsə, işçilər hansı qanuni mexanizmlərlə öz hüquqlarını qoruya bilərlər?
Mövzu ilə bağlı əmək məsələləri üzrə ekspert Sahib Məmmədov TodayPress TV-yə açıqlama verib.
O bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, işçilərin gündə 8 saatdan artıq işləməsi yalnız xüsusi hallarda mümkündür:
"Bizdə qanunvericilikdə iş vaxtından artıq işlərə yol verilməsi halları nəzərdə tutulub. Bu hallar həftə ərzində 4 saatdan, zərərli işlərdə isə 2 saatdan çox olmamalıdır. Həmçinin belə işlər üçün ən azı ikiqat əməkhaqqı ödənilməlidir".
Ekspertin sözlərinə görə, 8 saatlıq iş rejimi fundamental əmək prinsipi sayılır və ondan kənara çıxmaq yalnız istisna hallarda mümkündür:
"Əslində, Yunanıstanda da bu qaydalar olmalıdır, çünki onlar da beynəlxalq normaların və Avropa İttifaqı tələblərinin iştirakçısıdırlar. Lakin buna baxmayaraq, bəzi sahələrdə etirazlar olur".
Sahib Məmmədov vurğulayıb ki, Azərbaycanda qeyri-formal sektorda işçilərin 12-13 saat işləməsi halları müşahidə olunur,. Lakin bu, qanun pozuntusu sayılır. Belə hallarda işçilər Əmək Müfəttişliyi və məhkəmələr vasitəsilə öz hüquqlarını qoruya bilərlər.
Türkan İsgəndərli
tag: Sahib Məmmədov,Hüquq Müdafiəçisi,İş saatları,Artım,Todaypress.tv,
