Azərbaycan dinlərə hörmət ənənəsini qoruyur – Firudin Qurbanov

Sosial

22.10.2025 11:31

“Din təhsilindən danışarkən müasir çağırışlar dünyasında dinin nə qədər böyük əhəmiyyətə malik olduğunu vurğulamaq lazımdır”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumunun açılış mərasimində deyib.

O qeyd edib ki, hazırda dünyada 5 minə yaxın din və dini inanc mövcuddur:

“Dinin bir çox funksiyası bu gün də öz aktuallığını qoruyur. İnsanlarda dünya görüşünün, əxlaq sisteminin və dəyərlərin formalaşmasında mühüm rol oynayır. Din, həmçinin mədəniyyət ocaqlarını yaradır və onları qoruyub saxlayır. Onun kommunikativ funksiyası da diqqətəlayiqdir”.

F.Qurbanov qeyd edib ki, Azərbaycanda din haqqında məlumatlar orta məktəb dərsliklərində yer alır və bu, olduqca vacibdir:

“Gənclərin dinlər barədə məlumatlı olması onların fərqli inanclara hörmətlə yanaşmasını təmin edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı müxtəlif dinlərə hər zaman ehtiramla yanaşıb. Bakının ən gözəl yerində erməni kilsəsini qoruyub saxlamışıq. Halbuki Qərbi Azərbaycanda və Qarabağda bütün məscidlərimiz dağıdılıb. Bu gün isə ölkəmizdə quruculuq işlərinin mühüm istiqamətlərindən biri məhz məscidlərin bərpasına yönəlib”.

Qiymət Mahir

TodayPress TV

tag: Dini təhsil,Çağırış,Azərbaycan,Təhsil,Todaypress.tv,