Media Agentliyi manipulyativ başlıqlar yazan jurnalistlərə xəbərdarlıq etdi
Cəmiyyət
03.08.2025 16:45
Son dövrlər “News24.az” veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunan manipulyativ başlıqlara rast gəlinir.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
Açıqlamaya görə,qeyd olunan media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd edir. Müvafiq veb-sayt bu gün dərc etdiyi “Çörək bahalaşdı” sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən “Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də bu qəbildəndir.
"Xatırladırıq ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır".
Agentlikdən qeyd edilib ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Qurum cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyib.
tag: Media,Xəbər ,Başlıq,Saxta,Todaypress.tv,