Aqil Şirinov: “Azərbaycanın din təhsili modeli dünyada unikal nümunədir”
Sosial
22.10.2025 10:59
”Simpoziumun əsas məqsədi – din təhsili sahəsində fəaliyyət göstərən elm adamlarını bir araya toplamaq, eyni zamanda ali təhsil müəssisələrinin müasir modellərini müzakirəyə çıxarmaqdır”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” keçirilən beynəlxalq simpoziumda deyib.
O, hazırda dünyada bir çox çağırışların mövcud olduğunu vurğulayıb:
“Bəzi ölkələrdə mənəvi dəyərlər deqradasiyaya uğrayır. Buna görə də din təhsilini elə təşkil etməliyik ki, həm mənəvi dəyərlərə uyğun olsun, həm də müasir dünyanın çağırışlarına cavab verə bilsin.
Bu məqsədlə simpoziumda dünyanın 15 ölkəsindən təxminən 70-ə yaxın tədqiqatçı iştirak edir. 22-23 oktyabrda onlar öz fikirlərini bölüşəcək, elmi məruzələrlə çıxış edəcəklər. Məruzələrin tezisləri artıq nəşr olunub və paralel şəkildə geniş elmi məqalələr formasında da dərc edilir. Məqsədimiz din təhsili sahəsində həm müasir standartlara cavab verən, həm də mənəvi dəyərləri ön planda saxlayan modelləri müəyyənləşdirmək və bu modellərdən yararlı nümunələri beynəlxalq ictimaiyyətə təqdim etməkdir”.
Rektor Azərbaycan İlahiyyat İnstitutunun bu sahədəki rolundan bəhs edib:
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu bu sahədə mühüm rol oynayır. Çünki burada verilən din təhsili dünyada unikal modellərdən biridir. Bu həm İslam dünyasında, həm də ümumilikdə beynəlxalq səviyyədə fərqlənən bir modeldir.
İnstitutda təhsil prosesi yalnız İslama deyil, digər dinlərə də aid bölmələr üzrə aparılır və bu bölmələrdə dinlər müqayisəli, elmi və obyektiv şəkildə öyrənilir. Biz bu modeli dünyaya tanıtmaq, Azərbaycanın din təhsili sahəsində əldə etdiyi nailiyyətləri beynəlxalq aləmə təqdim etmək niyyətindəyik”.
Qiymət Mahir
tag: Aqil Şirinov,Azərbaycan,Model,Unikal,Todaypress.tv,
