Xameneidən Trampa sərt cavab: “Xəyal qurmağa davam et!”
Siyasət
21.10.2025 17:10
ABŞ Prezidenti Donald Trampın “İranın nüvə sənayesini məhv etdik” açıqlamasına İranın Ali Rəhbəri Seyid Əli Xamenei sərt cavab verib:
“ABŞ Prezidenti fəxrlə deyir ki, onlar İranın nüvə sənayesini məhv ediblər. Çox yaxşı, xəyal qurmağa davam et!”
Bu bəyanat Tehran və Vaşinqton arasında gərginliyin yeni mərhələyə keçdiyi ilə bağlı suallar doğurub.
Maraqlıdır, Trampın iddiaları və Xameneinin reaksiyası İranın nüvə siyasətinə və regiondakı balanslara necə təsir göstərə bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Fikrət Sadıqov bildirib ki, Amerika İranın nüvə proqramını tam məhv etməyib:
"Təbii ki, burada tam məhvdən söhbət getmir. ABŞ ancaq müəyyən zərbələr endirib. Bu isə o deməkdir ki, İran hələ də uranı zənginləşdirmək imkanına malikdir. Amma vəziyyət getdikcə mürəkkəbləşir, çünki bir tərəfdən İsrail, digər tərəfdən isə onun müttəfiqi Amerika nüvə proqramına ciddi nəzarət edir. İran əgər yeni zərbələr almaq istəmirsə, ehtiyatlı davranmalıdır. Amma “hər şey qaydasındadır və bizi heç nə narahat etmir” bəyanatını vermək sadəlövhlükdür. ABŞ yeni zərbələr endirə bilər və İsrail də bununla bağlı dəfələrlə sübut göstərib”.
Politoloq, həmçinin əlavə edib ki, bu məsələlər danışıqlar masası arxasında həll olunmalıdır.
“Mən düşünürəm ki, gec-tez bu danışıqlar baş tutacaq", - analitik fikrini yekunlaşdırıb.
Jalə Rövşən
tag: ABŞ,Xamenei,Donald,İran,Todaypress.tv,
