Politoloq: "ABŞ sülhün əsas təminatçılarındandır"
Siyasət
09.08.2025 03:21
"Vaşinqtonda keçirilən görüş bir daha təsdiqlədi ki, Azərbaycan və Ermənistan sülhə doğru böyük məsafə qət ediblər. Bölgədə sülh prosesinə mane olmağa çalışan böyük güclər hələ də mövcud olsalar da, buna baxmayaraq, hər iki ölkənin rəhbərliyi bu yolda inamla və siyasi iradə ilə irəliləyir".
Politoloq Rusif Məmmədsoy bunu TodayPress TV-yə açıqlamasında deyib.
O bildirib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə tam olaraq sülh müqaviləsi kimi qiymətləndirilməsə də, önəmli bir yol xəritəsi xarakteri daşıyır:
"Bütün proseslərə nəzər saldıqda aydın görünür ki, burada həm də ciddi mesajlar verildi. Bu mesajlardan biri ondan ibarət idi ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə təzyiq göstərməyə çalışan qüvvələrin qarşısında ABŞ dayanacaq.
Müxtəlif diplomatik jestlər və siyasi bəyanatlar vasitəsilə açıq şəkildə göstərildi ki, sülhün əsas təminatçılarından biri məhz ABŞ-dir. Bu, bizim üçün olduqca əhəmiyyətlidir. Çünki sülh istiqamətinin başqa ölkədə müəyyənləşdirilməsi bəlkə də bu qədər effektiv olmazdı. Müzakirə mövzusunun ABŞ olması bizi sülhə daha da yaxınlaşdırır".
Qeyd edək ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.
Qiymət Mahir
tag: Vaşinqton,Azərbaycan,Ermənistan,Sülh,Todaypress.tv,
