Ağ Evdən Azərbaycan-Ermənistan razılaşması ilə bağlı açıqlama: Sülhə aparan yol xəritəsi
Siyasət
08.08.2025 22:10
"Bu gün ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ağ Evdə keçiriləcək imzalanma mərasimi, sülhə gedən prosesdə bir yol xəritəsi rolunu oynayacaq".
TodayPress TV xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli jurnalistlərin suallarını telekonfrans vasitəsilə cavablayarkən bildirib.
Kelli əlavə edib ki, əldə edilən razılaşma yalnız region üçün deyil, həm də Azərbaycan və Ermənistanın ABŞ ilə siyasi, iqtisadi və ticarət əlaqələrinin dərinləşməsi üçün zəmin yaradacaq.
“Tərəflərin razılaşdığı yol xəritəsi hər iki ölkə üçün, Cənubi Qafqaz regionu və onun hüdudlarından kənarda əməkdaşlığa əsaslanan bir gələcəyin qurulmasına xidmət edəcək. Bu sülh yolunu təsdiqləməklə, biz regionun ticarət, tranzit və enerji sahələrindəki böyük potensialını üzə çıxaracağıq”, – deyə o vurğulayıb.
Anna Kelli həmçinin bildirib ki, bu gün imzalanacaq sənəd çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı da tərəflər arasında qarşılıqlı anlaşma əldə olunacaq.
Proqram çərçivəsində Prezident Donald Tramp əvvəlcə Ermənistan Baş naziri Nikol Paşinyanla, daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda görüşəcək. Daha sonra üç liderin birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
Töhfə Səməd
tag: Donald Tramp,İlham Əliyev,Nikol Paşinyan,Anna Kelli,Todaypress.tv,