Kyel A. Nordström: “Urbanizasiya dünyanı qucaqlayıb”
Siyasət
03.06.2025 14:27
“Urbanizasiya bütün dünyanı öz ağuşuna alıb”.
Dünyaca tanınmış qlobal biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq bestseller kitabların müəllifi Kyel A. Nordström bunu TodayPress TV-yə danışarkən deyib.
O, bildirib ki, urbanizasiya hər yerdə davam edir.
“Azərbaycanda da, Keniyada, Pakistanda da - bu gün hansı ölkəyə getsəniz, insanların şəhərlərə köçdüyünü görərsiniz. Qarşıdakı 15–20 ildə dünya əhalisinin 80 faizi şəhərlərdə yaşayacaq. Maraqlı odur ki, bu nəhəng əhali əsasən 600-650 sayda şəhərdə cəmlənəcək. Bu şəhərlər təkcə iqtisadiyyata deyil, mədəniyyətə və təhsilə də tamamilə hakim olacaq. Onlar həmçinin öz iqtisadi güclərinə görə siyasi proseslərə də təsir göstərəcəklər. Məsələn, bu gün yalnız London şəhəri Birləşmiş Krallığın ümumi iqtisadiyyatının 30–35%-ni təşkil edir. Adanın sadəcə bir guşəsində yerləşən bu şəhər, ölkə üçün strateji əhəmiyyət daşıyır”.
Gələcəyi proqnozlaşdırmaq kimi unikal bir bacarığı ilə seçilən Nordström əlavə edib ki, bu cür şəhərlərdə yaranan ideyalar təkcə şəhərin deyil, bütün regionun gələcəyini formalaşdırır.
O, enerji məsələsinə və onun vacibliyinə də toxunub:
“Biz enerji konfransında iştirak edirik və enerji ehtiyaclarının da məhz şəhərlərdə daha çox cəmlənəcəyini müşahidə edirik. Bu konsentrasiya bir üstünlükdür. Çünki şəhər mühitlərində infrastruktur və qurğular birgə istifadə oluna bilər. Bu, həm də təmiz enerji ehtiyaclarının paylaşılmasını və inkişaf etdirilməsini asanlaşdırır”.
İqtisadçı sonda vurğulayıb ki, şəhərlərin artan rolu və onların iqtisadi-siyasi gücü qarşıdakı illərdə qlobal balansları formalaşdıracaq. Şəhərlər sadəcə yaşayış məskəni yox, həm də ideyaların, texnologiyanın və siyasətin mərkəzi olacaq.
Töhfə Səməd
tag: Kyel Nordstörm,Açıqlama,urbanizasiya,Dünya,Todaypress.tv,