GADTB Rusiyada azərbaycanlılara qarşı baş verən zorakılıqla bağlı ÇAĞIRIŞ ETDİ

Siyasət

02.07.2025 15:28

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Rusiyada azərbaycanlılara qarşı baş verən zorakılıq və kütləvi həbslərlə bağlı beynəlxalq qurumlara çağırış edib.

TodayPress TV xəbər verir ki, təşkilat iyulun 2-də yaydığı bəyanatda Rusiya Federasiyasının son günlərdə iki Azərbaycan türkünün qətlə yetirilməsi və yüzlərlə soydaşın həbs olunmasını qətiyyətlə pisləyib. 

GADTB bu hadisələri ayrı-ayrı hallar deyil, dövlət səviyyəsində həyata keçirilən sistemli zorakılıq və etnik ayrı-seçkilik kimi qiymətləndirib.

Bəyanatda qeyd olunur ki, bu cür cinayətlər beynəlxalq hüququn, insan haqlarının və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. 

“Azərbaycan türk milləti nə susdurula bilər, nə də tarixdən silinə bilər — biz bu torpaqlarda əsrlərdir var olmuşuq və bundan sonra da zülmə qarşı dayanmağa davam edəcəyik”, — deyə bildirilib.

GADTB Azərbaycan Respublikasını, Türk Dövlətləri Təşkilatını və beynəlxalq insan haqları qurumlarını bu vəziyyətə dərhal reaksiya verməyə çağırıb. Təşkilat Azərbaycan türklərinin hüquqlarını siyasi, hüquqi və diplomatik yollarla qorumaqda qərarlı olduğunu bəyan edib.

Bəyanat “Biz nə unudacaq, nə də bağışlayacağıq” fikri ilə yekunlaşdırılıb.

Qiymət Mahir

tag: GADTB ,Rusiya,Çağırış,Azərbaycan ,Todaypress.tv,