Cənubi Qafqazda vəziyyət KÖKÜNDƏN DƏYİŞƏCƏK: “Kartlar” yenidən paylandı – PROQNOZ

Siyasət

07.08.2025 11:48

"ABŞ, Rusiyanın Ukraynada apardığı müharibə kampaniyasının yaratdığı geosiyasi boşluqlara öz strateji imperativlərini yerləşdirməyi hədəfləyir. Vaşinqtonun Bakı ilə İrəvan arasında moderatorluğu, sülh gündəminin intensivliyi, tempi və xarakterinin inkişafı baxımından müsbət impulslar yaradır. Vaşinqtonda sülh müqaviləsi imzalanmayacaq, lakin açıq qalan məsələlər üzrə tərəflərin vahid mövqeyə yaxınlaşması ehtimalı mövcuddur".

TodayPress TV xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov öz "Facebook" hesabında yazıb.

Analitik, avqustun 8-də ABŞ lideri Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşə dair bir neçə tezis irəli sürüb.

O qeyd edib ki, ABŞ, Azərbaycan-Ermənistan sülh proqramı vasitəsilə Zəngəzur dəhlizinin əhəmiyyəti fonunda Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan geosiyasi hədəflərini vahid strategiya ilə uyğunlaşdırır, Gürcüstanda itirdiyi mövqeləri Azərbaycan üzərindən kompensasiya etmək prinsipinə əsaslanır, Xəzər dənizinin Azərbaycan sektorunda müdafiə, təhlükəsizlik və energetika sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi kontekstində baxış bucağını yeniləyir.

“Türkiyə ilə ABŞ arasında son iki ildə müşahidə olunan müsbət dinamika, Bakı-Vaşinqton münasibətlərinə də potensial təsir göstərir. Bu baxımdan İlham Əliyev və Nikol Paşinyanın Vaşinqtonda keçiriləcək görüşü Ankara-Vaşinqton xəttində əldə olunmuş razılaşmalar, o cümlədən PKK-nın ləğvi və bu prosesin nəticələrinin gələcəyə yönəlmiş hədəfləri kontekstində əhəmiyyət daşıyır.

Digər tərəfdən, ABŞ Cənubi Qafqazda yalnız Rusiyanın deyil, eyni zamanda Çinin artan fəallığının da fərqindədir. Vaşinqton, Pekinin Bakı-İrəvan xəttində etibarlı vasitəçi kimi önə çıxmasından ehtiyat edir. Aydındır ki, Ağ Ev rəqiblərini prosesdən kənarlaşdırmaq üçün diktə edilə biləcək subyekt axtarır və bu çərçivədə Ermənistana üstünlük verir. Bu səbəbdən də İrəvanı öz “müdafiə” və diplomatik-siyasi planları daxilində saxlamağa çalışır.

Bu planın Azərbaycana münasibətdə ifadəsi isə belədir: əgər Vaşinqtonun strateji yanaşması Azərbaycanın milli maraqları ilə üst-üstə düşərsə, regionda Azərbaycan-Türkiyə-ABŞ üçtərəfli əməkdaşlıq modeli formalaşa bilər. Bu isə Ermənistanı Rusiyanın təzyiqlərindən qorumağa xidmət edə bilər. Söhbət gələn il Ermənistanda keçiriləcək seçkilər kontekstində bu məsələnin xüsusilə qabardılmasından gedir. Bunun üçün isə ABŞ ilk növbədə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın tələbləri və şərtlərini nəzərə almalıdır”.

Aqşin Kərimov Vaşinqton danışıqlarının İsrail-İran müharibəsindən sonrakı dövrə təsadüf etdiyini də qeyd edib:

“Ehtimal olunur ki, ABŞ regional siyasətindəki yenilənməni İsrail və İran arasında baş vermiş hərbi qarşıdurmanın nəticələrinə əsasən strateji olaraq müəyyənləşdirir. Bu kontekstdə Azərbaycanın mövqeyi ön plana çıxır”.

Ekspert, həmçinin, avqustun 6-da Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında baş tutan görüşünə də toxunub:

“Vaşinqton müzakirələrindən öncə Putinin Uitkoffla görüşü Cənubi Qafqaz mənzərəsində də diqqətəlayiqdir. Yəni ABŞ postsovet məkanında Rusiya-Ukrayna münaqişəsinin həlli ilə yanaşı, Cənubi Qafqazda da mümkün müharibə ocaqlarını söndürməyə çalışır. Bu proses ABŞ-nin Rusiya ilə paralel şəkildə həm sövdələşmə, həm də rəqabət imkanlarını birləşdirən hibrid yanaşmaya əsaslanacaq. Rusiya və ABŞ gələcəkdə öz ekspansiv ambisiyalarını Azərbaycan-Ermənistan münasibətlərinə proyeksiya etməkdən çəkinməyəcəklər. Bu kontekstdə əsas alət rolunu Ermənistan oynayacaq”.

Analitikin fikrincə, əgər Putin Vaşinqton danışıqlarından sonra Paşinyana cəlbedici vədlər versə, Ermənistanın Azərbaycanla sərhəddə təxribat xarakterli addımlarının aktivləşməsi ehtimalı artacaq. Bu ssenaridə Ermənistanın Rusiyadan stimul xarakterli dəstək almağa çalışacağı gözlənilsə də, onun qarşısında Azərbaycan-ABŞ strateji tərəfdaşlığı dayanacaq.

O, Cənubi Qafqazda dəyişən reallıqlar fonunda İranın mövqeyinə də toxunub: 

“İrana gəldikdə, hazırda geosiyasi və təhlükəsizlik boşluqlarını doldurmaq üçün resurslarını səfərbər edir və görünən odur ki, bu prosesi Vaşinqton-Tehran arasında davam edən nüvə danışıqları kontekstində dəyərləndirir. Bu baxımdan İran müəyyən narahatlıq hiss etsə də, onun Zəngəzur dəhlizi ilə bağlı planları yeni regional reallıqlar fonunda güclü müqavimət imkanlarından uzaqlaşır. Vladimir Putin isə Vaşinqton görüşündən dərhal sonra Rusiyanın alternativ təkliflər paketini nümayiş etdirmək məqsədilə İlham Əliyevlə telefon danışığı aparmaq məcburiyyətində qalacaq”.

Qiymət Mahir

tag: Aqşin Kərimov,Politoloq,Cənubi Qafqaz,Proqnoz,Todaypress.tv,

photo