"Ata ocağı" yaradıldı: Azərbaycan bayrağı Lefkoşada dalğalanacaq
Siyasət
25.07.2025 13:49
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) Azərbaycan mədəniyyətinin təbliği və iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm addım atılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu məlumat verib.
O bildirib ki, 2012-ci ildən bəri ŞKTC-də çoxşaxəli fəaliyyət göstərən Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti uzun müddətdir rəsmi qurumlarla Azərbaycan Mədəniyyət Mərkəzinin inşası üçün danışıqlar aparırdı. Nəhayət, bu səylər nəticə verib və Şimali Kipr Vəqflar İdarəsi tərəfindən Lefkoşanın mərkəzi – Kiçik Kaymaklı bölgəsində mərkəzin tikintisi üçün torpaq sahəsi ayrılıb.
Orxan Həsənoğlunun sözlərinə görə, burada yalnız Azərbaycan Mədəniyyət Mərkəzi deyil, eyni zamanda bütün türk xalqları üçün ortaq bir ev – “Ata ocağı” qurulacaq:
"Bura hər birinizin evi olacaq. Çoxşaxəli fəaliyyətlərimizi buradan idarə edəcəyik. Əminik ki, yaxın gələcəkdə Lefkoşada Azərbaycanın rəsmi nümayəndəliyi də açılacaq".
O, həmçinin yaxın günlərdə Azərbaycan-Şimali Kipr Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev və bir qrup deputatın əraziyə baxış keçirdiyini, layihəyə dəstək verdiklərini də qeyd edib.
Sonda o, başda Vəqflar İdarəsinin müdiri professor Mustafa Tümer olmaqla bu qərarın qəbuluna töhfə verən hər kəsə təşəkkürünü bildirib.
Töhfə Səməd
tag: Şimali Kipr,Azərbaycan ,Dostluq Cəmiyyəti ,Orxan Həsənoğlu ,Todaypress.tv,

