“Rəqəmsal göz yorğunluğu” nədir?
Sağlamlıq
07.09.2025 17:13
Texnologiyanın inkişafı ilə həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefon və digər ekran cihazları uzun müddət istifadə edildikdə göz yorğunluğuna və bir sıra göz problemlərinə səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, bu hal “rəqəmsal göz yorğunluğu” adlanır və əsas simptomları arasında göz qızartısı, quruluq, bulanıq görmə, baş ağrısı və boyun ağrısı yer alır.
Göz yorğunluğu xüsusilə kompüter və telefon ekranlarına fasiləsiz baxarkən yaranır, çünki bu zaman gözlər tez-tez qırpılmır və kornea kifayət qədər nəmlənmir. Bu, gözlərin quru qalmasına və narahatlıq hissinə gətirib çıxarır.
Ekspertlər ekran qarşısında iş zamanı hər 20 dəqiqədən bir, ən azı 20 saniyə uzağa baxmağı məsləhət görürlər (20-20-20 qaydası). Ekranın parlaqlığını və kontrastını tənzimləmək, otağın işıqlandırmasına diqqət yetirmək və monitoru göz səviyyəsində yerləşdirmək göz sağlamlığının qorunmasına kömək edir.
Bundan əlavə, göz gimnastikası və müntəzəm göz həkimi müayinələri də vacibdir. Göz sağlamlığına diqqət etmək, xüsusilə uşaqlar və gənclər üçün önəmlidir, çünki onların gözləri hələ inkişaf mərhələsindədir və uzun ekran istifadəsi görmə problemlərinə səbəb ola bilər.
Gözləri qorumaq üçün rəqəmsal cihazlardan istifadə zamanı fasilə vermək, düzgün işıqlandırma yaratmaq və lazım gələrsə, anti-reflektiv eynək istifadə etmək tövsiyə olunur.
Türkan İsgəndərli
tag: Göz,Rəqəmsal,Yorğunluq,Kompüter,Todaypress.tv,