Arxiyepiskop Mikael Acapaxyan həbs edildi - YENİLƏNDİ
Qərbi Azərbaycan
28.06.2025 13:20
Ermənistanın Apostol kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana qarşı işin açılmasının əsaslarından biri onun hakimiyyətin devrilməsinə çağırışları olub.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu bəyanat yayıb.
"Arxiyepiskopun iyunun 21-də mediaya verdiyi müsahibəsində 2024-cü ilin fevralında etdiyi əvvəlki bəyanatlarını təsdiqləyib. O bəyanatında bildirib ki, yüksək rütbəli hərbçilərin, eləcə də güc strukturlarının köməyi ilə çevriliş həyata keçirmək və hakimiyyəti dəyişmək lazımdır".
Prokurorluq, həmçinin əlavə edib ki, Mikael Acapaxyan bu bəyanatlarını qəsdən və dəfələrlə səsləndirib.
Töhfə Səməd
***
09:20
Ermənistanın paytaxtı İrəvanda məhkəmə Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana qarşı 2 aylıq həbs qətimkan tədbiri seçib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalistlərə məhkəmə zalının qarşısında arxiyepiskopun vəkili Ara Zöhrabyan məlumat verib.
"Əfsuslar olsun ki, hakim Melkonyan 2 ay müddətinə həbs qərarı çıxardı. Üstəlik, onunla yalnız yaxın qohumlarının əlaqəsinə icazə verilib. Qərardan apellyasiya şikayəti vermək üçün 10 gün vaxtımız var və biz bunu edəcəyik", – deyə Zöhrabyan bildirib.
Vəkil məhkəmənin qərarının əsassız və qanunsuz olduğunu vurğulayıb, hakimi isə qərəzlilikdə ittiham edib. "Cinayət tərkibi yoxdur", – deyə Zöhrabyan əlavə edib. O, həmçinin arxiyepiskopun məhkəmə zalından "Nubaraşen" cəzaçəkmə müəssisəsinə köçürüləcəyini ehtimal etdiyini deyib.
Qeyd edək ki, iyunun 26-da Ermənistanın Baş Prokurorluğu arxiyepiskop Mikaelə qarşı konstitusiya quruluşunu devirməyə çağırış ittihamı ilə cinayət işi qaldırıb.
Töhfə Səməd
tag: Ermənistan,Arxiyepiskop, Mikael Acapaxyan,Həbs,Todaypress.tv,