Tim Burton 13 ildən sonra cizgi filminə rejissorluq edəcək
Mədəniyyət
04.07.2025 19:30
Məşhur amerikalı rejissor Tim Burton 13 illik fasilədən sonra yenidən cizgi filmi layihəsi üzərində işlədiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə yaxın günlərdə Meksikaya səfəri zamanı verdiyi müsahibədə danışıb.
“Animasiya layihəsi üzərində işləyirəm. Ümid edirəm ki, yaxın zamanda ssenarini tamamlayıb işə başlayacağam”, – deyə 66 yaşlı rejissor qeyd edib.
Burton animasiyanın onu daim ilhamlandırdığını da əlavə edib. Rejissorun son animasiya filmi “Frankenweenie” 2012-ci ildə təqdim edilmişdi. Film ölmüş itini yenidən diriltməyə çalışan uşaq haqqında uzunmetrajlı cizgi əsəri idi.
Tim Burton həmçinin məşhur “Miladdan əvvəl kabus” animasiyasının ssenarisini yazıb və daha sonra “Cəsəd gəlin” filmi ilə özünəməxsus gotik üslubunu davam etdirib.
Burtonun son filmi isə 2024-cü ildə nümayiş olunan və 1988-ci ilin klassik filmi olan "Beetlejuice"un davamı olub. Rejissor həmçinin bu ilin sonlarında aktyor Conni Depp ilə yenidən əməkdaşlıq edə biləcəyini də istisna etməyib. Onlar daha əvvəl “Edvard Qayçıəlli”, “Çarli və Şokolad Fabriki” və digər məşhur layihələrdə birgə çalışıblar.
Türkan İsgəndərli
tag: Tim Burton,Cizgi filmi,Rejissor,Animasiya,Todaypress.tv,