“Qanun” nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsi XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı bəyanat yaydı
Mədəniyyət
01.10.2025 12:06
“Qanun” nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsinin XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı bəyanat yayıb.
TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:
"Biz, illərdir Bakı Beynəlxalq Kitab Sərgisinə ölkənin ən böyük nəşriyyatlarından biri kimi qatılır, yüzlərlə müəllifin kitablarını təqdim edir, onlarla tədbir təşkil edir, minlərlə oxucu ilə görüşürük. Lakin təəssüf ki, hər il bu səylərimiz təşkilatçılar tərəfindən aqresiya ilə qarşılanır.
Keçən sərgidə yer haqqı üçün bizdən 13 min manat tələb olundu və sərgi nəticəsində ziyanla çıxmış olduq. Bu il isə, əvvəlcə bizə və “Əli və Nino” kitab şəbəkəsinə sərgi salonunun sonunda yer ayrıldığı bildirilsə də, son anda bu yerlər başqa təşkilatlara verildi. Dünən gün ərzində Mədəniyyət Nazirliyinin müxtəlif məsul şəxsləri ilə (Xəyal müəllim, Vasif müəllim, Fərid müəllim və s.) davamlı danışıqlardan sonra bizə söz verildi ki, əvvəlki yerimiz bərpa olunacaq. Lakin bu gün məlum oldu ki, həmin söz yerinə yetirilməyib.
Bu, təkcə “Qanun” və “Əli və Nino” ya qarşı deyil, yerli müstəqil nəşriyyat sektoruna, oxuculara və müəlliflərə qarşı sayqısızlıqdır.
Biz aşağıdakıları bəyan edirik:
-Əgər bizə sərgidə ədalətli və uyğun yer təqdim olunmasa, sərgidə iştirakdan imtina edəcəyik;
-Nəzərdə tutulan təqdimat və müəllif görüşləri təxirə salınacaq;
- Müəlliflərimiz və oxucularımız qarşısında üzr istəyir, onlara bu tədbirləri daha münasib və peşəkar bir şəraitdə keçirməyi söz veririk.
Kitabı və kitab oxucusunu bir mədəni dəyər kimi görürük. Bu dəyərlərin tapdanmasına susmaq niyyətində deyilik."
tag: Qanun,Nəşriyyat,Əli və Nino,Bəyanat,Todaypress.tv,
