Kamran Yunis: “Necə olur ki, Alim Qasımov da, Röya Ayxan da Xalq artisti seçilir?”
“Fəxri adlar müzakirə olunmadan ləğv olunmalıdır. Çünki dünyanın heç yerində belə məsələ yoxdur”.
Aktyor Kamran Yunis bu fikirləri TodayPress TV-yə danışarkən bildirib.
“Təbii ki, fəxri adı olanlar bunun əleyhinə olacaqlar, amma harada, hansı ölkədə belə cəfəngiyyat var? Mən Hindistanda, İranda, Türkiyədəki böyük kino festivallarında olanda onlar bizim fəxri ad söhbətlərimizə gülürdülər. Ümumiyyətlə, “Hamlet”, “İsgəndər” rollarında oynamışam, 30-a yaxın filmə çəkilmişəm, 60-dan çox tamaşalarda oynamışam, dünyanın 250 qəzetində adım gedib. Bütün bunlara rəğmən mənim heç bir fəxri adım yoxdur. Amma bütün bu etdiklərimin heç yarısını etməyənlər var ki, onlara Xalq artisti adı verilib. Bu düzgündürmü?”.
Aktyorun fikrincə, fəxri adların verilməsi sistemində balans problemi var. Tərəzinin iki gözü də fərqli işləyir.
“Alim Qasımov da, Röya Ayxan da Xalq artistidir. Düzdür, hər ikisi öz sahəsində, özünə görə sənətçidir. İkisi də Azərbaycan xalqının dəyərlilərindəndir. Amma ikisinin də Xalq artisti olması insanları çaşdırır. Hər kəs qoy öz ağırlığında dəyərini alsın. Ən böyük dəyər isə xalqın sevgisidir. Ümumiyyətlə anlamıram, məgər Xalq artisti olmayan insan sayılmır? Rəhmətlik Yusif Əliyev dünyasını dəyişəndə Əməkdar artist idi. Amma “Nəsimi” filmində “Topal Teymuru” oynamışdı. O, təkcə Əməkdar artist adına layiq idi? Yox, əlbəttə daha yüksəklərə... Yəni təəssüf ki, burada balans yoxdur”.
Töhfə Səməd
tag: Kamran Yunis,Aktyor,Fəxri Ad,Müzakirə,Todaypress.tv,