Ayasofyaya turist axını rekord həddə çatdı
Mədəniyyət
23.07.2025 18:45
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə bağlı Vəqflər Baş İdarəsinin koordinasiyası ilə aparılan işlər nəticəsində Ayasofya Məscidi həm ibadət məkanı, həm də mədəni irs nümunəsi olaraq fəaliyyətini davam etdirir.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
2020-ci il iyulun 24-də cümə namazı ilə yenidən ibadətə açılan Ayasofyanın aşağı hissəsi Müsəlmanların ibadəti üçün ayrılıb. Yuxarı qalereya isə xarici turistlərin ziyarətinə açıq saxlanılır. Bu bölünmə ilə həm ibadət edənlərin, həm də ziyarətçilərin rahatlığı təmin olunub. UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan bu tarixi məkanda, UNESCO-nun tövsiyəsinə əsasən, çoxdilli bələdçilər vasitəsilə turistlərə məlumat verilir.
Yenidən ibadətə açıldıqdan sonra elmi və mədəniyyət mərkəzi kimi də fəaliyyət göstərən məscid, pandemiya sonrası dövrdə daha böyük ziyarətçi marağı ilə qarşılaşıb. Hər il 10-15 milyon insan tərəfindən ziyarət olunan bu məkana beş il ərzində ümumilikdə 40 milyona yaxın insan baş çəkib.
Ayasofya bu gün ibadət, mədəniyyət və mənəvi bələdçilik mərkəzi olaraq İstanbulun ən önəmli və diqqətçəkən ziyarət nöqtələrindən biri kimi mövqeyini qorumaqdadır.
Töhfə Səməd
tag: Türkiyə ,Ayasofya Məscidi ,Turist,Pandemiya,Todaypress.tv,