Anım Günündə "İnnab ağacı" tamaşasının premyerası keçirildi
Mədəniyyət
28.09.2025 12:12
27 sentyabr – Anım Günü münasibətilə Azərbaycan Dövlət Kukla Teatrında xüsusi tədbir təşkil olunub. Bu gün çərçivəsində xalqımızın böyük oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı və yeganə azərbaycanlı Həzi Aslanova ithaf edilmiş “İnnab ağacı” kukla tamaşasının premyerası nümayiş olunub.
TodayPress TV xəbər verir ki, tamaşada əfsanəvi qəhrəmanın ailə üzvləri – nəvəsi və nəticələri də iştirak ediblər. Teatrın sifarişi ilə yazılmış əsər İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi və Həzi Aslanovun 115 illiyinə həsr olunub. Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında hazırlanan birhissəli tamaşa “qara kabinet” üslubunda səhnələşdirilib.
Səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssam isə teatrın baş rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatı ilə zənginləşdirilmiş tamaşada qəhrəmanın həyat və döyüş yolu, məktubları və xatirələrindən istifadə edilərək fərqli səhnə kompozisiyası yaradılıb. Kukla obrazlarını isə teatrın aktyorları Rauf Babayev, Lina Məmmədova, Araz Həsənli və İqbal Əliyev canlandırıblar.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan premyeradan sonra qəhrəmanın nəvəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov teatrın rəhbərliyinə və yaradıcı heyətə təşəkkürünü bildirib. O vurğulayıb ki, tamaşa H. Aslanov irsini yeni nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Əməkdar incəsənət xadimi, şair-publisist və Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani də tamaşa münasibətilə kollektivə təşəkkürünü bildirib, Həzi Aslanovun hərb tarixindəki yerini yüksək qiymətləndirib və belə bədii nümunələrin qəhrəmanın həyat və döyüş yolunu geniş tamaşaçı auditoriyasına çatdırmaq baxımından əhəmiyyətini qeyd edib.
Əsərin müəllifi Sevinc Nuruqızı yaradıcı heyətə təşəkkürünü bildirib, tarixi irsə və ədəbiyyata layiqincə sahib çıxıldıqlarını vurğulayıb. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə isə Həzi Aslanovun İkinci Dünya Müharibəsindəki xidmətlərinin xalqımızın yaddaşında əbədi qaldığını qeyd edib.
Qeyd edək ki, tamaşanın teatrın hər iki bölməsində göstərilməsi daha geniş auditoriyaya çatdırılması məqsədini daşıyır. Qonaqlara həmçinin bildirilib ki, “İnnab ağacı” Sankt-Peterburq premyerasında və II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalında uğurla təqdim olunub.
tag: Azərbaycan Dövlət Kukla Teatrı,"İnnab ağacı" tamaşası,27 sentyabr – Anım Günü,
