34 ildən sonra Qarabağda — TRT müxbiri yazır...

Mədəniyyət

21.12.2025 15:00

Azərbaycanın 2020-ci ildə 44 gün davam edən müharibə ilə erməni işğalına son qoyduğu Türk yurdu Qarabağı görmək üçün səbirsizlənirdim. İmkan və fürsət yaranan kimi Qarabağa gəldim…

Bu torpaqlara ilk dəfə ayaq basmırdım. İllər əvvəl, Birinci Qarabağ müharibəsi zamanı cəbhələrin lap yaxınlığında, silah səslərinin kölgəsində bu coğrafiyaya şahidlik etmişdim. O günlərdə Qarabağ ağrının, dağıntının və yarımçıq qalan talelərin adı idi. Bu gün isə insanı tamam başqa bir hisslə qarşılayır: kədərlə yoğrulmuş qürur, sükutun içindən boy atan dirçəliş.

Dağıdılmış şəhərlər, güllə izləri ilə deşik-deşik olmuş divarlar hələ də danışır, amma artıq bu torpaqlarda təkcə keçmişin ağrısı yox, gələcəyin ümidləri də var. Qarabağ 34 ildən sonra yenidən özünə aid olduğu yerə qayıtmağın ağır, amma şərəfli sükutunu yaşayır.

Ətrafa yalnız bir jurnalist kimi baxmıram. Bu torpaqların hekayəsinə birbaşa şahidlik etmiş bir insan kimi addımlayıram və hər addımda bunu hiss edirəm: Qarabağ artıq susmur, yenidən nəfəs alır. Bu torpaqlara ilk addımımı atarkən hiss etdiyim duyğu adi bir sevinc deyildi, damarlarımda dolaşan qədim çağırış idi.

Birinci Qarabağ müharibəsini müxbir kimi izlədiyim illərdə Ağdam cəbhəsinə gəldiyimiz zaman məscidin arxasında yerləşən təvazökar bir evdə qalırdıq. Müharibənin kölgəsində həmin ev bizim üçün sadəcə sığınacaq deyildi, qorxunun, ümidin və gözləntinin eyni dam altında birləşdiyi canlı şahid idi.

1993-cü ildə ermənilər Ağdamı işğal etdikdə təkcə bir şəhər deyil, xatirələrimiz də susdu. Tam 27 il ərzində Ağdam xəritələrdə var idi, amma həyatda yox idi.

2020-ci ildə 44 günlük müharibə ilə bu sükut pozuldu, Ağdam yenidən azadlığına qovuşdu.

34 ildən sonra yenidən Ağdama gəldikdə vaxtilə qaldığımız evdən yalnız ayaqda qalmış divarlar qalmışdı. Nə səs vardı, nə iz… Amma hər daş, hər çat keçmişi pıçıldayırdı. Bir zamanlar qeydlər apardığım, cəbhəyə doğru yola çıxdığım o məkan indi işğalın geridə buraxdığı yalın yaddaşa çevrilmişdi.

Bu gün Azərbaycan dövləti Ağdamı yenidən qurur. Dağıntıların arasından yeni şəhər, yeni həyat boylanır. Mən isə bir vaxtlar ağrılara şahidlik etmiş müxbir kimi bu dəfə dirçəlişə şahidlik edirəm. Ağdam artıq sadəcə cəbhə xatirəsi deyil, müqavimətin, səbrin və geri dönüşün adıdır.

Ağdamın rəmzi olan Cümə məscidi bu gün sükutun və dirçəlişin şahididir…

İşğalın izləri silinib, divarlar bərpa edilib, amma xatirələr olduğu kimi yerindədir.

Birinci Qarabağ müharibəsi zamanı silah səslərinin kölgəsində namaz qıldığım məsciddə bu gün başım əyik, qəlbim dolu idi.

Bu dəfə 44 günlük Vətən müharibəsində şəhid olanlar üçün dua etdim.

Zaman dəyişmişdi, tale dəyişmişdi, torpaq azadlığına qovuşmuşdu, amma Qarabağ yaşananları heç vaxt unutmamışdı.

Xocalının adı sadəcə yer adı deyil, Türkün yaddaşına həkk olunmuş yasdır. Orada addımlayarkən torpağın altında qalan məsumların yox, yerə düşməyən bir millət şərəfinin varlığını hiss etdim. İçimdəki Türklük səssizcə ayağa qalxdı – qəzəblə deyil, səbrlə və imanla.

1992-ci ildə Xocalıda erməni qırğınından sağ çıxanlarla danışmış, gözlərinin içinə baxaraq müsahibələr aparmışdım. Onların danışdığı ağrını təkcə eşitmədim. Bir türk, jurnalist və insan kimi qəlbimdə hiss etdim. İllər sonra Xocalıya baxarkən həmin gecəni yaşamış insanların titrək səsləri yenidən qulaqlarımda səsləndi. Onlar obyektivimin qarşısında yox, vicdanımın tam ortasında dayanmışdılar.

Həmin an Xocalını dünyaya çatdırmaq uğrunda canını təhlükəyə atan mərhum Çingiz Mustafayevi, eyni həqiqət mübarizəsinin əsgəri İrfan Sapmazı, fədakar, zəhmətkeş, qorxmaz, mərd türk oğlu – bələdçimiz Mahmud Kəsəmənlini və bu insanlıq cinayətini tarixə sənədləşdirən mötəbər qurumum TRT-ni bir daha dərin ehtiram və hüznlə yad etdim. Xocalı mənim yaddaşıma sadəcə bir coğrafiya kimi yox, şahidlik, fədakarlıq və unudulmamalı bir insanlıq yarası kimi həkk olunmuşdu.

Xankəndidə göyə baxdım. O göy Orta Asiyadan Anadoluya, Qafqazlardan Rumeliyə uzanan eyni göy idi. İllərlə yadlaşdırılmış bu şəhərdə artıq Türkün tale xətti yenidən görünməyə başlamışdı. Hiss etdiyim qürur hayqıran bir zəfər yox, “biz buradayıq və həmişə var olmuşuq” deyən vüqarlı bir duruş idi.

“İki dövlət, bir millət” sözü burada boş şüar deyil, qanla və tale ilə yazılmış bir həqiqət idi.

Şuşaya çatanda tarix danışmağa başladı. Bura təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qalalarından biridir. Cıdır düzündə dayanıb aşağı baxarkən Oğuzdan miras qalan bir müqavimətin Alparslanın, Nuri Paşanın və adsız igidlərin yolundan süzülüb gəldiyini gördüm. Şuşa yenidən Türkün səsi ilə nəfəs alırdı.

Sinəmdə qabaran duyğu bir şəhərin azadlığı yox, Türkün yenidən dirçəlişi idi.

Laçın yollarında irəliləyərkən dağlar mənə yad gəlmədi. Sərt, səssiz və qürurlu idilər – sanki Orxondan qopub gəlmişdilər. İllərlə Türkə bağlanan bu yollar unudulmamışdı. Hər döngədə bir səbr, hər daşda bir gözlənti vardı. İndi isə bu yollar öz sahibini tanımış kimi idi.

Bu şəhərləri görmək bir millətçi üçün təkcə coğrafiya tanımaq deyil; tarixin çağırışına cavab verməkdir. Gözlərim doldu, amma başım daha da dikəldi. Çünki Qarabağda bunu gördüm: Türkün adı silinmədi, bayrağı enmədi, duası yarım qalmadı.

Bu gün Qarabağ başdan-başa bir quruculuq meydanıdır, amma burada təkcə beton tökülmür, yollar salınmır. Türkün yarımçıq qalan tarixi yenidən ayağa qaldırılır.

Buldozerlər, ekskavatorlar, yük maşınları gecə-gündüz çalışır. İşğalın yerlə-yeksan etdiyi şəhərlər Azərbaycan dövlətinin iradəsi ilə yenidən qurulur. Yollar, körpülər, damarlar… Türk yurduna yenidən can verilir.

Bu mühitdə gəzdim Qarabağı.

Bir zamanlar azan səsinin susdurulduğu, Türk izinin silinmək istəndiyi şəhərlərdə addımladım. Torpaq hələ də şəhidlərin xatirəsini daşıyır, hər addımda tarix danışır.

Bu gün Qarabağda ucalan təkcə binalar deyil, türklüyün yaddaşı, şərəfi və iradəsidir. Bu torpaqlar yenidən Türk yurdu olarkən mən də bu coğrafyanı jurnalist kimi yox, eyni taleyi paylaşan bir Türk övladı kimi dolaşdım.


Keçmişdə Azərbaycanda fəaliyyət göstərmiş TRT müxbiri

tag: Qarabağ,TRT,Anadolu,Şuşa,Todaypress.tv,

photo
photo
photo
photo
photo