İordaniyada itmiş şəhər tapıldı

Maraqlı

13.07.2025 23:45

İordaniyada aparılan arxeoloji qazıntılar nəticəsində uzun illərdir itmiş hesab edilən Vizantiya dövrünə aid Tareis şəhəri aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Gephyra" jurnalında dərc olunan məqalədə məlumat verilib. 

Kəşf Muta Universitetinin alimləri tərəfindən həyata keçirilən üçillik layihənin nəticəsidir. Qazıntılar 2021-ci ildən başlayaraq Ölü dənizin cənub-şərq sahilində, Əl-İraq kəndi yaxınlığındakı Ayn əl-Qalaa ərazisində aparılıb.

Tədqiqatçılar VI əsrə aid Madaba mozaika xəritəsinə, peyk görüntülərinə və sahə müşahidələrinə əsaslanaraq ərazini müəyyən ediblər. Nəticədə şəhərin qalıqları, keramika nümunələri, şüşə qablar, daş alətlər və bazilika formasında qədim kilsə aşkarlanıb. Mozaika döşəmələr və kilsə girişindəki memarlıq elementləri Tareisin həm dini, həm də ticarət mərkəzi olduğunu sübut edir.

Bundan əlavə, ərazidə zeytun yağı və üzüm pressləri, eləcə də dəyirman aşkarlanıb ki, bu da şəhərin inkişaf etmiş iqtisadiyyata malik olduğunu göstərir. Ən mühüm tapıntılardan biri isə yunan və latın dillərində yazılmış, xristian simvolları olan qəbir daşlarıdır. Bu, Tareisdə təşkilatlanmış xristian icmasının mövcudluğunu təsdiqləyir.

Arxeoloqlar hesab edir ki, şəhər VII əsrdə — Bizansdan İslam hakimiyyətinə keçid, ticarət yollarının dəyişməsi və mümkün təbii fəlakətlər səbəbilə tərk edilib.

Qiymət Mahir

tag: İordaniya,Tətqiqat,Bizans,Arxeoloqlar,Gephyra,TodayPress TV,