Britaniyada heyvan şüurunu araşdıracaq ilk elmi mərkəz açılır

Maraqlı

14.07.2025 19:00

Pişiyiniz küsür, itin zarıyır, dovşan isə ayaqları ilə qəribə hərəkətlər edir? Çox ehtimal ki, siz də bir çox ev heyvanı sahibi kimi bu anlarda günahkarlıq hissi keçirirsiniz. Amma yaxın gələcəkdə ev heyvanlarınızın nə düşündüyünü dəqiq öyrənmək mümkün ola bilər.

TodayPress TV xəbər verir ki, "The Guardian"ın yazdığına görə, Londonda heyvan şüurunun empirik öyrənilməsi ilə məşğul olacaq ilk elmi mərkəz – "Caremi Koller" adına Heyvan Araşdırmaları Mərkəzi  sentyabrın 30-da fəaliyyətə başlayacaq.

London İqtisadiyyat Məktəbi (LSE) nəzdində yaradılan bu mərkəz yalnız pişik və itlərlə kifayətlənməyəcək, həmçinin insanlardan çox uzaq təkamül keçmişinə malik canlılar – həşəratlar, krablar, kalmarlar kimi növləri də araşdıracaq.

4 milyon funt sterlinq büdcəsi olan mərkəz nevrologiya, fəlsəfə, baytarlıq, hüquq, təkamül biologiyası, davranış elmləri, süni intellekt, informatika və iqtisadiyyat kimi sahələrdə beynəlxalq və multidissiplinar yanaşma tətbiq edəcək.

Mərkəzin rəhbəri professor Conatan Börç bildirib ki, ən maraqlı layihələrdən biri süni intellektin insanların ev heyvanları ilə “ünsiyyət” qurmasına necə kömək edə biləcəyini araşdırmaq olacaq:

“Biz heyvanlarımızın insan kimi hiss etməsini istəyirik. Amma süni intellekt tez-tez istifadəçini razı salacaq uydurma cavablar yaradır. Bu, heyvanların rifahına tətbiq edildikdə təhlükəli nəticələrə səbəb ola bilər”.

Məsələn, bir çox it sahibi heyvanlarının tək qaldıqda əzab çəkib-çəkmədiyini bilmək istəyir. Gələcəkdə yaradılacaq süni intellekt əsaslı “tərcümə” tətbiqləri bunu vəd edə bilər. Amma risk ondadır ki, bu texnologiyalar insanlara reallıq yox, eşitmək istədiklərini söyləyə bilər.

“Bizə heyvanlara münasibətdə süni intellektin məsuliyyətli və etik istifadəsini tənzimləyən prinsiplər lazımdır. Mərkəz bu sahədə qlobal səviyyədə qəbul edilə biləcək etik çərçivə hazırlamağı qarşısına məqsəd qoyur”, – deyə professor Börç vurğulayıb.

Qiymət Mahir

tag: Pişik,İt,Heyvan,Şüur,Todaypress.tv,