"Rabitəbank" II rübün yekunları üzrə maliyyə nəticələrini açıqlayıb
Maliyyə
14.07.2025 17:49
"Rabitəbank" ASC bu ilin II rübünün yekunları üzrə maliyyə nəticələrini açıqlayıb.
TodayPress TV xəbər verir ki, nəticələrə əsasən, Bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayır.
Belə ki, yanvar-iyun aylarında "Rabitəbank" 6 milyon 831 min manat xalis mənfəət əldə edib.
Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 % artaraq iyulun 1-nə 1 milyard 188 milyon manata çatıb.
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 % artıb. Nəticədə ümumi kredit portfeli 909 milyon 743 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 14 % artaraq 407 milyon 857 min manata, o cümlədən, istehlak kreditləri portfeli 26 % artaraq 329 milyon 386 min manata, ipoteka kreditləri isə 19 % artaraq 172 milyon 500 min manata çatıb.
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, 2025-ci ilin 6 ayı ərzində fiziki şəxslər üzrə əmanətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 % artaraq 499 milyon 698 min manata çatıb.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 18,5 % artaraq 64 milyon 166 min manata çatıb.
Bankın məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % artaraq 120 milyon 579 min manat olub.
Hazırda “Rabitəbank” 17 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
tag: Rabitəbank,Maliyyə,Hesabat,Açıqlama,Todaypress.tv,