2024-cü ildə 1 milyard manat büdcə ssudası verildiyi üzə çıxdı

Maliyyə

27.05.2025 11:24

5

2024-cü ildə büdcədə nəzərdə tutulmadığı halda 1 milyard manat həcmində ssudalar verilib. 

TodayPress TV xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a rəyində bildirilib. 


Qeyd edilib ki, 2024-cü il dövlət büdcəsi haqqında Qanunda büdcə ssudalarının verilməsi nəzərdə tutulmayıb.

Buna baxmayaraq, faktiki olaraq büdcə təşkilatlarına, dövlətə məxsus publik hüquqi şəxslərə və dövlət maliyyə dəstəyi alan digər təşkilatlara 1 mlrd. manat vəsait ayrılıb. 

Məlumata əsasən, 964,2 mln. manat vəsait ilin ilk yarısında 17 müxtəlif təşkilata ötürülüb və ilin sonunda geri qaytarılıb. Qeyd olunur ki, ssudaların verilməsi dövlət büdcəsinin icrası barədə rəsmi hesabatda göstərilməyib.

Bununla belə, 22 nömrəli büdcə hesabatında “Digər” adı altında əks olunan bəzi vəsaitlərin əslində məhz büdcə ssudaları ilə bağlı olduğu müəyyən edilib.  Aparılan təhlillərə görə, bu istiqamətdə yerləşdirilən vəsaitlərin həcmi iyun ayında pik həddə – 1,0 milyard manata çatıb.

Mart-iyun aylarında xarici valyutada yerləşdirilmiş vəsaitlərin sıfırlanması fonunda ssuda məbləği artıb, daha sonra isə azalma müşahidə olunub. 

İlin ikinci yarısında ssuda kimi verilmiş vəsaitlərin bir hissəsi yenidən idarəetməyə qaytarılıb. İl sonuna yaxın isə “Azər Türk Bank”da yerləşdirilmiş vəsaitlər üzrə 5 illik depozit müqaviləsi başa çatıb və vəsaitlər geri çağırılıb, nəticədə manatla idarə olunan vəsaitlər sıfırlanıb.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,