Ötən il ərzaq təhlükəsizliyinə 500 milyon manata yaxın xərc çəkilib
2024-cü ildə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 485,7 milyon manat vəsait sərf edilib.
TodayPress TV bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 6,1 % çoxdur. Ayrılmış vəsait aqrar sahədə aparılan islahatlara uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsinə, kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi göstərilməsinə xərclənib.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir.
Bundan başqa, qanun layihəsində deyilir ki, “Kənd təsərrüfatı” bölməsinin 2024-2027-ci illər üçün tərtib edilmiş strateji planında Azərbaycan Respublikasının mövcud təbii-iqtisadi resurslarından səmərəli istifadə etməklə ərzaq təhlükəsizliyinin, yerli istehsal hesabına sənayenin xammala və əhalinin yeyinti məhsullarına olan ehtiyacının təmin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalının və ixrac potensialının artırılması kimi məqsədlər qarşıya qoyulmuş və bu məqsədlərə çatmaq üçün “bitkiçilik məhsulları istehsalının artırılması”, “heyvandarlıq məhsulları istehsalının artırılması”, “aqrar sahədə istehsalçıların investisiya imkanlarının artırılması” və s. kimi 6 strateji hədəf müəyyən edilib.
Ötən il dövlət büdcəsindən sözügedən 6 strateji hədəfin icrası məqsədilə 8 proqramın, 18 altproqramın və 27 tədbirin həyata keçirilməsi üçün 1 milyard 95,8 milyon manat vəsait yönəldilib ki, bu da əvvəki ilə nisbətən 15,6 % çoxdur.
tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,