Azərbaycan və Səudiyyə Ərəbistanı arasında həmkar qiymətləndirməsi üzrə Tapşırıq məktubu imzalandı
Maliyyə
21.07.2025 18:58
Azərbaycanın Hesablama Palatası ilə Səudiyyə Ərəbistanın Baş Audit Məhkəməsi arasında həmkar qiymətləndirməsinin həyata keçirilməsi ilə bağlı Tapşırıq məktubu imzalanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Palata məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqari Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi çərçivəsində Bakıya səfər edib.
Səfər çərçivəsində Dr. Alanqari Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşüb. Görüşdə Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli də iştirak edib.
Palatanın sədri iki ölkə arasında yüksək səviyyəli münasibətlər fonunda ali audit orqanları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmkar qiymətləndirməsinə dair aparılan ilkin müzakirələrin faydalı olduğunu qeyd edərək bildirib ki, bu qiymətləndirmə qurumun fəaliyyətinin təkmilləşməsinə mühüm töhfə verəcək.
Dr. Hussam Alanqari səmimi qəbul və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Hesablama Palatasının dövlət maliyyə nəzarəti sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib, qurumun beynəlxalq və ikitərəfli əməkdaşlıq formatında fəal iştirakını xüsusilə qeyd edib.
Görüş zamanı Dr. Alanqari Hesablama Palatasını Ərəb ölkələrinin Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) bu ilin noyabr ayında Ciddə şəhərində keçiriləcək 15-ci Baş Assambleyasında iştiraka dəvət edib. O, tədbirin ali audit qurumları arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli imkanlar yaradacağını vurğulayıb.