Virtual reallıq ağrı dözümlülüyünü artırır

İKT

03.10.2025 18:45

Kornel Universitetinin tədqiqatçıları virtual reallıqda (VR) sosial qarşılıqlı əlaqənin insanın ağrıya qarşı dözümlülüyünü artıra biləcəyini müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, bu nəticələr "Pain Medicine" jurnalında dərc olunub.

Tədqiqatda 70 tələbə iştirak edib. Onlardan istilik cihazında əllərini saxlamaqları tələb olunub, istilik isə ağrının dözülməz həddinə qədər artırılıb. 

Təcrübə zamanı dörd fərqli ssenari müşahidə olunub:

-VR-da dost və ya qohumla ünsiyyət

-Onlarla video zəng

-VR-da yad adamla ünsiyyət

-VR-də tək olmaq

Nəticələr göstərib ki, həm yaxınları, həm də yad adamlarla VR vasitəsilə ünsiyyətdə olan iştirakçılar ağrıya qarşı daha yüksək dözümlülük nümayiş etdiriblər. 

Tədqiqat müəllifləri bildirirlər ki, bu nəticələr klinikalarda yeni ağrı kəsici metodların yaradılması üçün perspektivlidir. Virtual reallıq xəstələrin diqqətini yayındırmaqla yanaşı, onlarda mühüm sosial dəstək hissi də yarada bilər və beləliklə, tibb sahəsində faydalı bir vasitə ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: VR,Ağrı,Dözümlülük,Sosial,Todaypress.tv,