“Holberton School Azerbaijan”da yüzfaizlik təqaüd proqramına start verilir
İKT
10.10.2025 12:17
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “PAŞA Holdinq” Şirkətlər Qrupunun sponsorluğu ilə “Holberton School Azerbaijan”da yüz faizlik təqaüd proqramına start verilir.
TodayPress TV xəbər verir ki, proqram çərçivəsində 2025–2026-cı illər üzrə proqram təminatının əsasları və müasir texnologiyalar üzrə təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
“Holberton School Azerbaijan”ın rəhbəri Şəmsi Bayramzadə bildirib ki, Azərbaycanda yaşayan və xaricdə yaşayan Azərbaycan vətəndaşları təlimlərdə iştirak edə bilərlər:
“Bakı və ətraf ərazilərdə yaşayan iştirakçıların tədris müddətində kampusda həftəlik ən azı 15 saat iştirak etmələri zəruridir. Bölgələrdə yaşayan şəxslər isə təlimlərə onlayn formada qoşulmaq imkanı əldə edəcəklər”.
Ş.Bayramzadə proqrama müraciət şərtini açıqlayıb:
“Müraciət hüququ yalnız 16 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına məxsusdur. Son qeydiyyat tarixi 29 oktyabrdır”.
Qeyd edək ki, proqram çərçivəsində ümumilikdə 200 nəfər məzunun hazırlanması nəzərdə tutulur. Proqramı uğurla tamamlayan iştirakçıların “aparıcı” və ya “baş mütəxəssis” səviyyəsində məzun olacaqları planlaşdırılır. Təlim müddətində tələbələr üçün LMS (Learning Management System) platforması istifadəyə veriləcək. Hər bir iştirakçı üçün fərdi profil yaradılacaq, öyrənmə prosesləri izləniləcək, tapşırıqlar və qiymətləndirmələr sistem üzərindən aparılacaq.
Tədris proqramları “Full-Stack Web Development və AI” (9 ay), “Cybersecurity”, (12 ay) “Machine Learning” (12 ay), “Computer of Science” (9 ay) olmaqla 4 istiqamətdə həyata keçiriləcək.
Qiymət Mahir
tag: Şəmsi Bayramzadə,Holberton School Azerbaijan,Təqaüd,Proqram,Todaypress.tv,
