Ferrari dənizlərə çıxır: Enerjiyə ehtiyac duymayan “uçan” yaxta hazırlanır
İKT
07.07.2025 18:30
İtaliyanın avtomobil istehsalçısı "Ferrari" uzunluğu 30 metr olan "Hypersail" adlı yarış yaxtası üzərində işləyir.
TodayPress TV "New Atlas"a istinadən yazır ki, bu yaxta suyun üzərində uçmaq qabiliyyətinə malik olacaq və tamamilə enerjidən asılı olmayan bir model kimi təqdim edilir.
Layihənin ilham mənbəyi "Ferrari" hiperavtomobillərinin “Le Man 24 saat” kimi dözümlülük yarışlarında qazandığı uğurlardır. Avtomobilləri kimi bu yaxta da yüksək sürət üçün nəzərdə tutulub. Foyl texnologiyası (sualtı qanadlar) sayəsində yaxtanın gövdəsi tamamilə sudan qalxaraq təmas səthini azaldacaq və təxminən saatda 93 km sürət yığa biləcək. Gəminin ölçüləri onu dünyanın ən böyük foyllu monokorplu yaxtası edəcək.
"Hypersail"in digər özəlliyi isə onun enerji baxımından tam muxtar olmasıdır. Qanadların, kilyin, sükanın və bütün bort kompüterlərinin idarəsi üçün yalnız günəş, külək və kinetik enerji istifadə ediləcək. Layihədə nə ehtiyat mühərrik, nə də ənənəvi enerji mənbələri nəzərdə tutulur.
Konsepsiyanın müəllifi tanınmış fransız dəniz memarı Giyom Verdyedir. Onun mühəndislik həlli yaxtanın “uçuşunu” üç dayaqlı sabitlik sistemi ilə təmin edir ki, bu da onu hətta böyük dalğalarda belə stabil saxlayacaq.
"Ferrari"nin İdarə Heyətinin sədri Con Elkan bildirib ki, hələlik yaxtanın hansı yarışlarda iştirak edəcəyi müəyyən edilməyib. Onun sözlərinə görə, layihə eksperimental xarakter daşıyır və mövcud yarış qaydalarının sərhədlərindən kənara çıxır.
Hazırda yaxtanın inşası İtaliyada davam edir. Prototipin tamamlanması və dəniz sınaqlarına 2026-cı ildə başlanacağı planlaşdırılır.
Qiymət Mahir
tag: İtaliya,Ferrari,Avtomobil,Con Elkan,Todaypress.tv,