UEFA Ribeyronu “Neftçi”yə buraxmadı
İdman
05.08.2025 17:36
Yunanıstanın “Aris” klubuna qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda birbaşa qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyronun cəzası məlum olub.
TodayPress TV xəbər verir ki, Avropanın ali futbol qurumu müdafiəçini 1 oyunluq cəzalandırıb.
28 yaşlı futbolçu cəzasını Naxçıvan təmsilçisinin Kipr “Omoniya”sına qarşı III təsnifat mərhələsinin Bakıdakı ilk oyununda çəkəcək.
Klub rəhbərliyi braziliyalı stopperi qarşıdakı oyunlar üçün də sifariş ərizəsində saxlayacaq. Ribeyronun “Omoniya” ilə Nikosiyada baş tutacaq cavab matçında meydana çıxması istisna edilmir.
Sambaçı yay transfer dövründə “Neftçi” ilə müqavilə bağlasa da, klublararası razılaşmaya əsasən, o, avqustun 1-dək “Araz-Naxçıvan”a Konfrans Liqasında kömək etməli idi. Lakin futbolçu “Aris”lə cavab görüşündə qırmızı vərəqə aldığından, avrokubok cəzasını hansı klubda çəkəcəyi sual doğururdu. O, “Neftçi”yə indi qayıtsaydı, “ağ-qaralar” gələn mövsüm avrokuboklara vəsiqə qazanacağı təqdirdə, ilk matçda onun xidmətindən məhrum olacaqdı.
Bu səbəbdən “Araz-Naxçıvan” Ribeyronu “Omoniya” ilə matçın sifariş ərizəsindən çıxarmayıb.
(Teleqraf)
Namiq HUN
tag: UEFA,Ribeyro,Neftçi,Klub,Todaypress.tv,