FIFA ofsayd anlayışını yenidən yazır
İdman
20.10.2025 09:17
FIFA 2026-cı il dünya çempionatından əvvəl ofsayd qaydasına dəyişiklik edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.
Söhbət “Venger qanunu” kimi tanınan qaydadan gedir. Onun müəllifi FIFA-nın dünya futbolunun inkişafı üzrə direktoru vəzifəsində çalışan Arsen Vengerdir.
Onun təşəbbüsünə əsasən, ofsayd yalnız hücumçu ilə müdafiəçi arasında açıq məsafə olduqda qeydə alınacaq. Əgər oyunçular eyni xətt üzərindədirsə - hətta qismən, məsələn, hücumçunun dabanı müdafiəçinin ayağının üstü ilə eyni səviyyədədirsə - ofsayd sayılmayacaq.
Oktyabrın sonu və ya noyabrda 23 oyunçu və 11 hakimdən ibarət ekspertlər komitəsi yeni təklifləri nəzərdən keçirəcək. Ən maraqlısı odur ki, bu komitəyə təşəbbüsün müəllifi - Venger özü rəhbərlik edir.
İdeya bu mərhələdən keçsə, o, yanvarın 20-də keçiriləcək illik iclasa, daha sonra isə fevralın sonu və ya martın əvvəlində təşkil olunacaq ümumi toplantıya çıxarılacaq.
Qeyd edək ki, yeni qayda artıq 2026-cı ildə - dünya çempionatı ərəfəsində sınaqdan keçirilə bilər.
Namiq HUN
tag: FİFA,Ofsayd,Qərar,DÇ,Todaypress.tv,
