“Enfild”də memorial heykəl ucaldılacaq
İdman
07.10.2025 17:06
“Liverpul” azarkeşləri iyul ayında faciəvi şəkildə həlak olan futbolçular Dioqu Jota və onun qardaşı Andre Silvanın xatirəsinə kütləvi futbol proqramının maliyyələşdirilməsi üçün 225 min funt sterlinqdən çox vəsait toplayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, azarkeşlər Dioqunun xatirəsini yad etmək üçün onun adını formalarının arxasına yazdırıb və ya xatirə köynəkləri alıblar. Əldə olunan bütün gəlir LFC Foundation xeyriyyə fonduna yönəldilib. Fond Diogu Jotanın şərəfinə kütləvi futbol proqramı yaradacaq.
İndiyədək ümumilikdə 226 995 funt sterlinq toplanıb və bu vəsait birbaşa proqramın yaradılmasına və davamlı fəaliyyətinə sərf olunacaq.
Bundan əlavə, “Liverpul” rəhbərliyi davamlı xatirə nişanları da yaratmağı planlaşdırır. Qalan əşyalar şirkət tərəfindən emal edilərək daimi memorial heykəlin yaradılmasına yönəldiləcək. Bu abidə gələcəkdə “Enfild”də xatirə mərkəzinin əsas hissəsinə çevriləcək. Stadionda hazırda müvəqqəti xatirə zonası qalır ki, azarkeşlər Dioqunun xatirəsini anmağa davam edə bilsinlər.
Xatırladaq ki, iyulun 3-də 28 yaşlı Dioqu Jota İspaniyanın Samora bölgəsində baş vermiş avtomobil qəzasında qardaşı Andre Silva ilə birlikdə həlak olub. Jota karyerası ərzində “Paços de Ferreira”, “Portu”, “Atletiko Madrid”, “Vulverhempton” və “Liverpul” klublarında çıxış edib. Faciədən sonra “Liverpul” klubu onun 20 nömrəli formasını əbədi olaraq dövriyyədən çıxarıb.
Namiq HUN
tag: Dioqu Jota,Andre Silva,Xatirə,Heykəl,Todaypress.tv,
