Eddi Hau: “Bu cür davranan oyunçu komandada ola bilməz”
İdman
05.08.2025 10:41
“Nyukasl Yunayted” klubunun baş məşqçisi Eddi Hau hücumçu Aleksander İsakın gələcəyi ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, isveçli futbolçunun “Liverpul”a keçidini sürətləndirmək üçün komanda ilə məşqlərə qatılmadığı və klubun yerləşdiyi ərazini tərk etdiyi bildirilir.
İsak özbaşına şəkildə “Nyukasl”ın bazasını tərk edərək İspaniyaya — əvvəllər çıxış etdiyi “Real Sosyedad” klubunun məşq bazasına yollanıb. Daha öncə isə futbolçu uydurma bud əzələsi zədəsini əsas gətirərək komandanın Uzaq Şərqə yollanan yay turnesində iştirakdan imtina etmişdi. Tibbi müayinələr isə onun heç bir zədəsinin olmadığını ortaya çıxarıb.
Eddi Hau məsələ ilə bağlı bunları deyib:
“Biz – “Nyukasl Yunayted”ik. Bizimlə birlikdə məşq etmək hüququnu qazanmalısan. Oyunçu komandanın bir hissəsi olmalı və düzgün davranmalıdır. Heç bir futbolçu pis davranaraq əvvəlki kimi məşqlərə davam edə biləcəyini düşünməməlidir.
İstərdim ki, o, komandada olsun? Əlbəttə. Amma olacaqmı? Bilmirəm. Biz burada oyunlara hazırlaşırıq, bu məsələlərlə isə evdə başqa adamlar məşğuldur.”
Qeyd edək ki, daha əvvəl “Nyukasl” Aleksander İsak üçün “Liverpul”un göndərdiyi son transfer təklifini rədd edib.
Namiq HUN
tag: Eddi Hau,Aleksander İsak,Klub,Məşqçi,Todaypress.tv,