Azərbaycan və beş ölkənin "Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə təlimi başa çatdı
Hərbi
16.09.2025 20:20
Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə respublikamızda keçirilən "Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bu münasibətlə birgə təlimin iştirakçıları üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Azərbaycan musiqi çələngi" adlı konsert proqramı təqdim olunub.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani çıxış edərək bu tədbirin 18 sentyabr - Milli Musiqi Günü ərəfəsinə təsadüf etdiyini qeyd edib, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib.
Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında xalq və bəstəkar mahnıları, qəhrəmanlıq nəğmələri və rəqslər təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Təlim iştirakçılarına hədiyyələr təqdim olunub.
tag: Azərbaycan , Qazaxıstan, Pakistan, Özbəkistan, Qətər, Türkiyə,Sonsuz qardaşlıq – IV, todaypress.tv,
