Tibb Universitetinə qarşı ETİRAZ: “Qiyməti artırırlar, keyfiyyəti isə yox”

Elm və Təhsil

18.08.2025 18:39

Azərbaycanda Tibb Universitetində təhsil haqlarının kəskin şəkildə artırılması cəmiyyətdə geniş rezonans doğurub və ciddi ictimai müzakirələrə səbəb olub. 

Sosioloq Üzeyir Şəfiyev TodayPress TV-yə açıqlamasında bildirib ki, qəbul edilən bu qərar tibb sahəsində təhsil almaq istəyən gəncləri ciddi dilemma qarşısında qoyur:

“Hazırda ölkədə 100 minə yaxın tibb işçisi var ki, onlardan yalnız 37 mini həkimdir. Bu göstərici əhalinin sayına görə olduqca aşağıdır. Belə bir şəraitdə tibbi kadrlara yüksək ehtiyac duyulduğu bir vaxtda təhsil haqqının bu səviyyədə artırılması həm gözlənilməz oldu, həm də gənclərin bu sahəyə çıxış imkanlarını məhdudlaşdırdı”.

Mütəxəssisin fikrincə, belə həssas məsələlərdə Nazirlər Kabineti daha uzaqgörən və strateji mövqe nümayiş etdirməli, öncə əhalinin sosial durumunu qiymətləndirib, yalnız bundan sonra qərar qəbul etməli idi:

“Qəfil və bu qədər kəskin artım aztəminatlı ailələrin övladlarının tibbi təhsildən məhrum olmasına gətirib çıxara bilər. Bu isə təkcə fərdi yox, həm də cəmiyyət üçün ciddi narazılıq yaradır. Təhsil haqqı artırılarkən insanların gəlir səviyyəsi, iqtisadi durumu və sosial bərabərlik prinsipləri nəzərə alınmalıdır. Ali məktəblər yalnız qiymət artımına fokuslanmamalı, eyni zamanda tədrisin keyfiyyəti, elmi potensial və beynəlxalq rəqabət qabiliyyəti kimi məsələləri də diqqət mərkəzində saxlamalıdır. Əgər təhsil haqlarının artırılması beynəlxalq universitetlərlə rəqabətə davamlılıq məqsədi daşıyırsa, bu, müəyyən qədər başadüşüləndir. Lakin qiymətlər real maddi imkanlarla uyğun gəlmədikdə, gənclər arzuları ilə reallıq arasında qalaraq məyusluq yaşayırlar ki, bu da sosial gərginliyi artırır”.

Ekspert çıxış yolu kimi tibbi təhsil verən müəssisələrin aztəminatlı təbəqədən olan tələbələr üçün güzəştli imkanlar yaratmalı olduğunu göstərib:

“Nazirlik isə bu yükü bölüşməli, xüsusilə də təhsil kreditlərini tibb sahəsinə yönəltməlidir. Yalnız bu halda sosial dövlət konsepsiyasına uyğun siyasət həyata keçirilmiş olar”, - deyə Ü.Şəfiyev fikrini sonlandırıb.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları yenilənib. Belə ki, "Tibb" ixtisası üçün illik təhsil haqqı 6 500 AZN, "Stomatologiya" ixtisası üçün 6 000 AZN, "Əczaçılıq", "Fizioterapiya", "İctimai səhiyyə" və "Tibb bacısı" ixtisasları üçün isə 5 000 AZN müəyyən edilib.

Türkan İsgəndərli

tag: Tibb Universiteti,Təhsil haqqı,Sosioloq ,Üzeyir Şəfiyev,Todaypress.tv,

photo