Təqaüdlərin artırılması təhsil kreditinə təsir edəcək?
Elm və Təhsil
15.10.2025 16:37
"Təqaüdlərin artırılması tələbə kreditlərinin həcminə və faizlərinə təsir etməyəcək".
Bunu təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, hazırda bağlı kreditlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
"Məsələn, bizim təkliflərimiz var idi ki, ikinci ali təhsilə qəbul olanlara və qiyabi təhsil alanlara da təhsil krediti verilsin. Çünki qiyabi təhsil alanların çoxu işləyir və bu da kreditin qaytarılmasını asanlaşdırır. Ümid edirəm ki, bu istiqamətdə də addımlar atılacaq".
Ekspert əlavə edib ki, təqaüdlərin artırılması Təhsil Tələbə Kredit Fondunun qərarlarına təsir göstərməyəcək:
"Təqaüdləri verən qurum Təhsil Tələbə Kredit Fondu deyil. Ona görə də təqaüd artımı kredit limitlərinə və faizlərinə təsir etməyəcək. Əks halda, bu, təhsildə rəqabətə və sistemin balansına mənfi təsir göstərə bilər".
Ramin Nurəliyev vurğulayıb ki, əsas məqsəd təhsilin əlçatanlığını artırmaq və tələbələrə daha geniş imkanlar yaratmaqdır.
Qeyd edək ki, cari ilin iyul ayında Prezident İlham Əliyev doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə Sərəncam imzalayıb. Bu qərardan sonra təhsil kreditlərinin limitlərinə təsir göstərə biləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilib.
Türkan İsgəndərli
tag: Ramin Nurəliyev,Ekspert,Təqaüd,Təhsil krediti,Todaypress.tv,
