Qız abituriyentlər niyə daha yüksək nəticə göstərirlər?
Elm və Təhsil
21.07.2025 17:25
Son illər qəbul imtahanlarında qız abituriyentlərin nəticələri oğlanlara nisbətən daha yüksəkdir. Baxmayaraq ki, onlar eyni səviyyədə təhsil alır və imtahana hazırlaşır.
Təhsil eksperti Ramin Nurəliyev bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, qız abituriyentlər təhsilə daha çox fokuslanır, sosial fəaliyyətlərə isə az vaxt ayırırlar.
Bu da onların nəticələrinə müsbət təsir göstərir:
"Keçən il maksimal 300 bal toplayan abituriyentlərin əksəriyyəti qızlar idi. Ümumilikdə də qızların nəticələri oğlanlara nisbətən daha yüksək oldu. Onlar daha çox oxuyur, daha çox çalışır və təhsilə ciddi yanaşırlar. Son illərdə ailələrin qız övladlarının təhsilinə verdiyi dəstək də artıb. Valideynlər qızlarının ali təhsil almasını, müstəqil və savadlı böyüməsini istəyirlər. Bu da qızlarda daha böyük məsuliyyət hissi yaradır. Qızlar valideynlərinin zəhmətini daha çox qiymətləndirirlər. Kitab, müəllim, dərs xərclərinə çəkilən əziyyəti qarşılıqsız qoymurlar. Bu da onları daha çox çalışmağa sövq edir".
Ekspert həmçinin əlavə edib ki, oğlan abituriyentlər boş vaxtlarının daha çox hissəsini gəzməyə və sosial münasibətlərə sərf edirlər. Bu da onların diqqətini yayındırır:
"Oğlanlar arasında sevgi münasibətləri daha çox yayılıb. Bu isə onların dərsə fokuslanmasına mane olur. Əksinə, qızlar bu dövrdə daha ciddi olur, məqsədyönlü şəkildə universitetə hazırlaşırlar".
Ramin Nurəliyev qeyd edib ki, bu ümumi bir tendensiyadır və hər oğlan və ya hər qız bu kateqoriyaya daxil edilə bilməz. Ancaq statistik göstəricilər və təcrübə qız abituriyentlərin daha uğurlu nəticələr göstərdiyini ortaya qoyur.
Türkan İsgəndərli
tag: Ramin Nurəliyev,Ekspert,Qız,Abituriyent,Todaypress.tv,
