"Qeyri-adi heç nə etməmişəm..." — Yunan filosoflarına oxşadılan müəllim DANIŞDI
Elm və Təhsil
15.04.2026 14:08
“Necə oldu ki, Pyer Duş məşhurlaşdı?”
Bir neçə gün əvvəl ingilis dilində tədris etdiyi mühazirə videosunu sosial media hesabında paylaşdı və özü də gözləmədən məşhurluq qazandı.
Söhbət səlis nitqi, yüksək dil biliyi, savadı və təvazökarlığı ilə izləyicilərin rəğbətini qazanan müəllim Ramin Lev - Ramin Əliyevdən gedir. Onu Ramin Lev kimi tanıdığımız üçün, müsahibənin gedişində adını bu cür qeyd edəcəm.
“Qeyri-adi heçnə yox idi, sadəcə işimi görüb, dərsimi keçmişəm” deyir.
Bəs niyə cəmiyyət onu fərqli gördü? Bunun səbəblərini özündən öyrənmək istədim və bu müsahibə baş tutdu.
TodayPress TV Ramin Levlə müsahibəni təqdim edir:
Qiymət Mahir: Videonuz bir çox sosial şəbəkə hesablarında və xəbər saytlarında paylaşıldı. İlk olaraq, təəssüratınızı öyrənmək istəyirəm. Necə qarşıladınız?
Ramin Lev: Mənim üçün çox xoş, həm də gözlənilməz oldu. Səmimi desəm, bu videoda qeyri-adi bir şey olmadığını hesab edirəm. Bir müəllim mühazirəsini aparmalıdır və mühazirə hansı dildədirsə, o dili ən azından qənaətbəxş səviyyədə bilməlidir. Gözlənilməzlik məhz bu amillə əlaqədar idi. Mən öz işimi görürdüm və Azərbaycan cəmiyyəti bu cür xoş münasibət göstərdi. Hər kəsə öz təşəkkürlərimi çatdırıram.

Qiymət Mahir: Müsahibəyə başlamazdan öncə paylaşdığınız son videoya baxdım. Orda çox maraqlı bir ifadə işlətmisiniz: neqativ təsirləri neytrallaşdırmaq üçün tədbirlər həyata keçirməli olduğunuzu bildirirsiniz. Oxuduğum qədərilə, əksəriyyət sizə yaxşı rəylər yazır. Mənə maraqlıdır ki, neqativ olan nədir? Nəyə neqativ yanaşdılar?
Ramin Lev: Paylaşımlarımı öncədən düşünür, ölçüb-biçib, hesablayıb paylaşıram. Neqativ şərhlərin kökündə bir sıra faktorlar dayanır. Birincisi, hər cəmiyyətdə bir qrup insan var ki, onlar həyata da, ən ciddi məsələlərə də oyun kimi baxırlar. Sosial statusundan, milliyyətindən, dinindən asılı olmayaraq, həyat onlar üçün oyundur.
İkinci qrup insanlar daha neqativ insanlardır, onlar bu addımları məqsədyönlü şəkildə atırlar. Belə hadisələri artıq uzun müddətdir görürük. Avropa ölkələrində, texnoloji inkişaf baxımından daha öndə olan regionlarda bununla bağlı ciddi problemlər var. Hüquqi müstəvidə artıq uzun müddətdir, müzakirələr aparılır ki, informasiya, söz azadlığını zədələmədən bu cür neqativ hallara qarşı mübarizə aparılsın.
Həmçinin bu halların arxasında bəzən siyasi, iqtisadi və başqa məqsədlər dayanır. Məsələn, siz bir kontentin məzmununa deyil, ciddi surətdə aşağılamaq məqsədilə orda danışan adamın görünüşünə, paltarına, geyiminə iradlar bildirirsinizsə, bu, iki məqamdan xəbər verir: ya bu rəyləri yazan adamlar "oynamaq" istəyirlər, uşaqkən oyun ehtiyacları qarşılanmayıb, yaxud da bunu məqsədyönlü şəkildə edirlər.
Məsələn, siz azərbaycançılıqdan danışırsınız və bunlar sizi söyüb, təhqir edirlər. Halbuki söyüş və təhqir bütün ölkələrdə cinayət qanunvericiliyi ilə qadağan olunan əməldir, cinayət məsuliyyəti yaradır. Belə adamlar texnologiyaların, habelə demokratiyanın verdiyi imkanlardan yararlanırlar. Bilik, bacarıq, səlahiyyət və imkanlarım çərçivəsində mübarizə aparmağı məqsədəuyğun hesab edirəm. Başqa yol yoxdur, çünki minlərlə, bəlkə də on minlərlə azərbaycanlıdan biri kimi qarşıma maarifçilik təbliğatını aparmağı missiya kimi qoyuramsa, mənə mane olacaqlar. İstər-istəməz nüfuzdan salacaqlar, aşağılayacaqlar.
Qədim Roma senatında bir siyasətçi fikirlərini bildirmək üçün kürsüyə çıxırdı, yerdən replikalar atırdılar. Bu replikalar mövzudan yayındırmaq məqsədi daşıyırdı, fikir dağılırdı. Bütün ölkələrdə olduğu kimi məhz belə şərhlərin ucbatından Azərbaycan ictimaiyyəti də kontentin mahiyyətinə köklənə bilmir. Dəfələrlə bunun müşahidəsini aparmışam. Paylaşımla bağlı izləyicilərə sual versəniz, onların müəyyən faizi rəylərdəki neqativ yüklü məzmuna yükləndiyi üçün əsas kontentin məzmunu barədə sizə məlumat verə bilməyəcəklər, tez unudacaqlar. Bununla da sizin təbliğ etdiyiniz ideologiya zədələnəcək.
Mənim haqqımda deyirlər ki, vaxtından əvvəl yaşlanmısan və s. Mən gəncliyimdən qısa bir görüntü paylaşdım. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin bunu bilməyə haqqı var. Azərbaycan dövləti və cəmiyyəti mənə ictimai şəxs statusunu qazandırıbsa, haqqı var ki, barəmdə məlumatlara çıxış əldə etsinlər. Bunları da da özüm əvvəlcədən təqdim edirəm ki, məlumatlı olsunlar. Bilsinlər ki, Ramin Əliyevin, məsələn, səhhəti necədir, gəncliyində necə olub, indi necədir, nəyi bilir, nəyi bilmir. Mübarizənin yolları çoxdur, biri budur: öncədən məlumatlandırma. İctimaiyyəti öncədən məlumatlandırmaq lazımdır ki, maarifçiliyə qarşı şəxsi müstəvi üzərindən yönəldilən bu təhdidlərin qarşısı vaxtında alınsın. Bir növ öncədən hazırlıq görürsən ki, ictimai fikir əsas mövzudan yayınmasın.

Qiymət Mahir: Bir çox insan yüksək dil biliklərinizə və təhsil səviyyənizə görə sizin daha təvazökar bir insan olduğunuzu sezir. Bu təvazökarlığınızın xüsusi bir səbəbi varmı?
Ramin Lev: Hamımız insanıq və insan gəncliyində hər təbəqədən olan insanlarla — məsələn, fəhlə, ofisiant, taksi şoferləri ilə çiyin-çiyinə çalışırsa, cəmiyyəti daha yaxından tanımaq imkanı olur. Hələ tələbəlik illərimdə bu fəaliyyətlərlə məşğul olmuşam. Gənc olarkən təcrübəmdə görmüşəm və dərk edirəm ki, hamımız insanıq.
Mənim hüquqşünas olmağım da buna təsir edir. Sırf məhkəmə və hüquq mühafizə orqanlarında çalışmasam da, kifayət qədər təcrübəm və nəzəri məlumatlarım var. Hüquqşünas olaraq tam əminliklə qəbul edirəm ki, kim olursan ol, Azərbaycan Respublikasının Konstitusiyası "hər kəs" ifadəsini işlədir. Hər kəs bərabərdir, hər kəs eyni hüquqlara sahibdir.
Həmçinin 1990-cı illərin əvvəllərindən bu günə qədər xarici dili öyrənən adam üçün bu dildə danışmaq adi haldır. Burda qeyri-adi hər hansı bir hal, xüsusiyyət axtarmaq, məncə, doğru deyil.
Təvazökarlıq dediyiniz aspekt məndə bu faktorlara əsasən yaranıb, formalaşıb. Təbiətin və ya inananlar üçün Tanrının bir qanunu var — sonda hər kəs dünyasını dəyişəcək. Nə qədər dil bilsən, varlı da, kasıb da, vəzifəli də, adi insan da olsan, gərək “kiməm” yox, “kim olacam”la öyünəsən. Sabahı bilmək olmaz.

Qiymət Mahir: Ramin bəy, indi də, sizə ilk sualı verəndə də qeyd etdiniz ki, əslində, burda qeyri-adi bir şey yox idi, mühazirəmi keçirdim. Bəs insanlar bunu niyə qeyri-adi olaraq qəbul etdilər, sizi klassik rol modellərdən kənar gördülər?
Ramin Lev: Bizim cəmiyyətdə xarici dilə və xarici dil bilgisinə münasibət bir qədər maraqlıdır. Azərbaycan insanı son dərəcədə bilikli, bacarıqlı, qabiliyyətlidir. Müqayisə etmək imkanlarım olub. Azərbaycanlılar bütün dillərdə çox yaxşı aksentlə danışa bilirlər. Mən etiraf edirəm ki, Azərbaycan aksenti ilə danışıram. Sadəcə təəssüflər olsun ki, son illər cəmiyyətin təhsilə, elmə, oxumağa marağı azalıb. Nəticə etibarilə, hər kəsin edə biləcəyi, çata biləcəyi yüksəklik indi hamı üçün qeyri-adi görünür. Hər hansı bir dili öyrənmək istəyirsinizsə, bunu zəhmət, əziyyət hesabına etməlisiniz. Başqalarını— müəllimləri, təhsil sistemini günahlandırmaq bir qədər doğru yanaşma deyil. Çünki qanunda "təhsilalan" və "təhsilverən" anlayışları var. Nisbət yarı-yarıyadır. Öyrənmək, üzərinizdə işləmək, zəhmət çəkmək istəmirsinizsə, sizə o dili heç kim öyrədə bilməyəcək.
Eyni zamanda bir faktoru da deyə bilərik: bəlkə də, insanlar buna alışmayıblar. Hamının əvəzinə danışa bilmərəm. Məsələn, rəylərdə tələbələr yazmışdılar ki, kaş, bizə də belə dərs keçərdilər. Mən sadəcə öz işimi görmüşəm. Ola bilər haradasa kimsə işinə məsuliyyətsiz yanaşıb, cəmiyyətdə bu reaksiya yaranıb. Bakı Dövlət Universitetində və Belçikada təhsil almışam. Nə öyrənmişəmsə, həmin üsul və metodları burda tətbiq etməyə çalışıram.
Qiymət Mahir: Həm Azərbaycan, həm Avropa təhsiliniz var. Hazırda Azərbaycanın təhsil sistemi ilə bağlı fikirlər müxtəlifdir və tez-tez müqayisə olunur. Azərbaycan təhsili ilə Avropa təhsili arasındakı fərqləri necə izah edərsiniz?
Ramin Lev: Fərqlər çoxdur. İlk növbədə sosial müstəvidə fərqlər var. Avropa insanı təhsil müstəvisinə formal yanaşmır. Biliyi, bacarığı, qabiliyyəti varsa, təhsil almağa gedir və layiq olmadığı qiyməti almağı, ixtisasda yer tutmağı özünə sığışdırmır.
İkinci fərq ondan ibarətdir ki, inkişaf etmiş ölkələrdə, iqtisadiyyatlarda iqtisadi təfəkkür çox ciddi inkişaf edib. Əksəriyyəri belə düşünür: dörd il zamanımı itirəcəm, pul xərcləyəcəm və sonunda geri dönüş olmayacaq, xərclədiyim investisiya mənə qayıtmayacaqsa, o zaman o pulu xərcləməməliyəm.
Bizdə yanaşma fərqlidir. Bəzən tələbələrdən soruşuram: burda könüllü oturmusunuz, yoxsa məcburiyyətdən? İnanın, çoxu deyir ki, valideynlərimiz məcbur edir. Valideynlərdən çox xahiş edirəm, övladlarınızı məcbur etməyin. İndi dünya dəyişib, artıq ideoloji təhsil sistemi yoxdur. İqtisadiyyat və texnologiya əsaslı təhsil sisteminə doğru irəliləyirik. Azərbaycan hazırda, xüsusilə də təhsil sistemində inkişaf edir. Təhsil sistemi əmək bazarlarının tələblərinə mütləq cavab verməlidir. Hazırda Azərbaycanda özəl sahə olsun, dövlət əmək bazarı olsun, bu proseslər sürətlə gedir. Hər gün yeniliklərlə üzləşirik, yeni texnologiyalar çıxır və istəsək də, istəməsək də insan həyatını dəyişdirir.
Təhsil sahəsində islahatların aparılması o qədər də asan məsələ deyil. Pandemiya dövründə onlayn təhsil konsepsiyası meydana atıldı və tətbiq olundu. Çox sayda insan buna etiraz etdi. İndi əyləşmişik, siz Bakıda, mən Gəncədə, sərbəst halda söhbət edirik. Suallarınızı verirsiniz, fikirlərimi izah edirəm. Bu, texnologiyanın gətirdiyi böyük üstünlükdür, nemətdir. Onlayn təhsil sistemini məmnuniyyətlə dəstəkləyərdim.

Avropanın özündə belə təhsil sisteminin əmək bazarına uyğunlaşdırılması istiqamətində islahatlar hələ də davam edir. Məsələn, Fransada, Almaniyada və başqa ölkələrdə təcrübə əsaslı bakalavr təhsili formalaşdırılır. Tələbə həm işləyir, həm oxuyur. Bizdə isə hazırda bu qadağandır, təhsil qanununa əsasən olmaz. Çox istərdim ki, bu addım bizdə də atılsın. Nəzəri təhsil işin yarısı deməkdir. Gənclər mütləq iqtisadi cəhətdən də ailələrinə dəstək olmalıdırlar. Bunu hətta Avropanın inkişaf etmiş ölkələri də edir. Zənn edirəm ki, Azərbaycan da bununla bağlı müvafiq addımlar atacaq.
Təhsil qanununa dəyişikliklər edilməlidir. Qanununda bakalavr təhsili dörd il müəyyən olunub. Məsələn, Avropada bəzi ixtisaslar üzrə bu, üç il müəyyən olunub. Üç il müddətində həm işləmək, həm oxumaq imkanları yaradılır. Bu həm tələbənin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm də onun gələcəkdə əmək bazarında özünə yer tapmasını asanlaşdırır. İşəgötürənlər hər zaman təcrübəli kadrlar axtarırlar. Tələbə universiteti bitirəndə artıq onun üç illik iş təcrübəsi olur. Bu isə çox böyük bir üstünlükdür. Çox istərdim ki, bu sistem bizdə də tətbiq olunsun. Təbii ki, bu, dərhal olan bir şey deyil, müəyyən hazırlıq işləri görülməlidir, qanunvericilik bazası təkmilləşdirilməlidir. Amma gələcəyə baxışımız belə olmalıdır. Dünyadan geri qalmamalıyıq.
Qeyd edək ki, Ramin Əliyev əslən Kəlbəcərdən olsa da, Gəncədə anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisasını seçib.
1999-cu ildə bakalavr təhsilini başa vurub, eyni ixtisas üzrə magistratura pilləsinə qəbul olunub və 2001-ci ildə təhsilini uğurla tamamlayıb.
2014-cü ildə "Catholic University of Leuven"də magistratura təhsili alıb, 2016-cı ildə isə məzun olub.
Qiymət Mahir
tag: Müsahibə,Təhsil,Ramin Lev,Elm,TodayPress TV,
