Məktəbli avtobusları istifadəyə verilir: Paytaxtda sıxlıq necə azalacaq?
Elm və Təhsil
01.10.2025 17:37
"Məktəbli avtobuslarının istifadəyə verilməsi təhsil sistemimizdə həm təhlükəsizlik, həm də sosial rahatlıq baxımından ciddi əhəmiyyət daşıyan yeniliklərdən biridir. Bu təşəbbüs ilk növbədə valideynlərin övladlarını məktəbə aparıb-gətirməklə bağlı yaşadığı gündəlik narahatlıqları minimuma endirir".
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, səhər saatlarında yaranan nəqliyyat sıxlığı, şagirdlərin fərqli ünvanlardan məktəbə çatdırılması və axşam evə qayıtması məsələsində vahid, nizamlı bir sistemin qurulması təhsil mühitinə intizam və əlavə rahatlıq gətirəcək. Ən vacibi isə, uşaqların təhlükəsizliyi xüsusi olaraq nəzərə alınıb. İstifadəyə veriləcək avtobuslar müasir standartlara cavab verir, texniki baxışlardan keçir və bu xidmətdə çalışan sürücülər ciddi seçimdən sonra işə qəbul olunur.
"Qiymətlərin 100 manatdan başlaması isə təbii olaraq cəmiyyətdə müzakirə doğurur. Lakin unutmaq olmaz ki, burada söhbət yalnız nəqliyyat xərclərindən deyil, təhlükəsizlik, məsuliyyət və valideynlərin rahatlığını təmin edən kompleks bir xidmətdən gedir. Uşaqların vaxtında, təhlükəsiz və nizamlı şəkildə məktəbə çatdırılması üçün yaradılan bu sistemin müəyyən xərci qaçılmazdır. Digər tərəfdən, bu addım sırf maliyyə yönümlü deyil, sosial məzmun daşıyır. Ona görə də şəhid ailələrinin və qazilərin övladları üçün güzəştlərin tətbiq olunması, onların bu xidmətdən pulsuz və ya minimal ödənişlə yararlanması çox doğru və ədalətli yanaşmadır. Bu, həm sosial qayğının göstəricisidir, həm də cəmiyyətimizdə hər kəs tərəfindən yüksək qiymətləndirilir".
Ekspert əlavə edib ki, gələcək mərhələlərdə yalnız şəhid və qazi övladları deyil, eyni zamanda aztəminatlı ailələrin uşaqları, çoxuşaqlı valideynlər, həmçinin təhsil sahəsində çalışan müəllim ailələrinin də bu güzəştlərdən yararlanması məsələsi gündəmə gətirilə bilər.
"Bu, həm sosial ədalətin, həm də bərabər imkanların təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Çünki məqsəd təkcə müəyyən qrupun deyil, bütün təbəqələrin övladlarının məktəbə eyni şəraitdə, təhlükəsiz və sistemli şəkildə gedib-gəlməsinə imkan yaratmaqdır".
Əmrah Həsənli vurğulayıb ki, məktəbli avtobusları layihəsi təhsilin keyfiyyətinə dolayı təsir göstərməklə yanaşı, həm də sosial təminat siyasətinin mühüm elementinə çevrilir.
Qeyd edək ki, məktəbli avtobusları artıq istifadəyə verilir. Xidmətin qiymətləri 100 manatdan başlayır. Şəhid ailələrinin və qazi övladlarının istifadəsi üçün xüsusi güzəştlər nəzərdə tutulub. Valideynlər "PlayMarket"dən "2Schol" mobil tətbiqini yükləyərək övladlarını əlavə edə, avtobus marşrutları, abunəliklər, gündəlik məlumatlar və qiymətlərlə bağlı bütün detallara asanlıqla baxa biləcəklər. İlkin mərhələdə avtobuslar 11 məktəbi əhatə edəcək. Gələcəkdə layihənin ölkənin bütün təhsil müəssisələrinə genişləndirilməsi planlaşdırılır.
Türkan İsgəndərli
tag: Əmrah Həsənli ,Ekspert,Məktəbli,Avtobus,Todaypress.tv,
