Məktəblərdə zorakılıq artır: “Nəzarət və maarifləndirmə bəs etmir...”
Elm və Təhsil
18.09.2025 17:42
Dərs ilinin başlamasından bir neçə gün keçməsinə baxmayaraq, bəzi məktəblərdə şagirdlər arasında insident, hətta bıçaqlanma hadisəsi də yaşanıb.
Bu, ilk hadisə deyil.
Ancaq son olması üçün nələr etmək lazımdır?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, belə halların qarşısını almaq üçün məktəblərdə intizam və nəzarət sistemi gücləndirilməlidir.
“Məktəbdə psixoloqların fəaliyyəti formal yox, real şəkildə təşkil edilməlidir”
Onun sözlərinə görə, məktəblərdə maarifləndirici və tərbiyəvi tədbirlər gücləndirilməli, zorakılığın fəsadları barədə şagirdlərlə açıq söhbətlər aparılmalıdır:
"Şagirdlərin məktəbə kənar əşyalar, xüsusən də təhlükəli alətlər gətirməsinin qarşısı qətiyyətlə alınmalıdır. Nəzarət tədbirləri gücləndirilməlidir. Bununla yanaşı, məktəbdə psixoloqların fəaliyyəti formal yox, real şəkildə təşkil edilməlidir".
Ekspertin sözlərinə görə, problemin həlli yalnız inzibati tədbirlərlə mümkün deyil, burada ailənin rolu da mühümdür:
"Uşaqların aqressiv davranışları çox vaxt ailə mühitindən qaynaqlanır. Valideynlər övladlarının psixoloji vəziyyətinə, dost çevrəsinə, sosial mediada davranışına diqqət yetirməlidir".
“ABŞ-də məktəb polisi sistemi fəaliyyət göstərir”
Mütəxəssis bildirib ki, məktəblərdə zorakılıq dünyada da müşahidə olunur. Bunun üçün bir çox proqramlar yaradılıb:
"Finlandiyada “KiVa” proqramı vasitəsilə zorakılıq halları 30-40% azalıb. Burada yalnız zorakılıq edən və qurban yox, hadisəyə şahid olanlar da məsuliyyət daşıyır. Yaponiyada şagirdlər məktəb işlərinə, təmizlik, nahar, nizam-intizam proseslərinə cəlb olunur. Bu isə kollektiv məsuliyyəti gücləndirir. ABŞ-də məktəb polisi sistemi fəaliyyət göstərir, eyni zamanda isə şagirdlər öz aralarında vasitəçilik yolu ilə münaqişələri həll edirlər. Böyük Britaniyada zorakılıq əleyhinə “şagird səfirlər” seçilir və onlar həmyaşıdlarını dinləyərək problemləri müəllim və psixoloqlara çatdırırlar. Almaniyada isə sosial pedaqoqlar məktəb, ailə və icma arasında körpü rolunu oynayır".
Rizvan Fikrətoğlu vurğulayıb ki, uğurlu nümunələr zorakılığın qarşısını almaq üçün yalnız intizam və cəza tədbirlərinin kifayət etmədiyini göstərir. Təhlükəsizliklə yanaşı, empatiya, emosional tərbiyə və şagirdlərin prosesə fəal cəlbi əsas həll yollarıdır.
Qeyd edək ki, Cəlilabad rayonunun Xəlilabad kəndində 11-ci sinif şagirdi sinif yoldaşını qətlə yetirib.
Türkan İsgəndərli
tag: Rizvan Fikrətoğlu,Ekspert,Məktəb,Zorakılıq,Todaypress.tv,
