KSQ və BSQ-lər ləğv oluna bilər? - Ekspertdən açıqlama
Elm və Təhsil
16.10.2025 15:49
Məlum olduğu kimi, orta məktəblərdə şagirdlərin bilik və bacarıqları summativ qiymətləndirmə, yəni KSQ (Kiçik Summativ Qiymətləndirmə) və BSQ (Böyük Summativ Qiymətləndirmə) vasitəsilə ölçülür. Lakin bu sistemin nə dərəcədə effektiv olduğu və başqa qiymətləndirmə forması ilə əvəz edilə biləcəyi barədə cəmiyyətdə müxtəlif fikirlər mövcuddur.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, məktəblərdə qiymətləndirmənin bir neçə forması mövcuddur:
"Bunlar diaqnostik, formativ, kiçik və böyük summativlər şəklində həyata keçirilir. Ümumilikdə isə KSQ və BSQ-lərin məqsədi şagirdlərin tədris məzmununu nə dərəcədə mənimsədiyini müəyyənləşdirməkdir. Bu sistem kurikulumun bir tələbi kimi tətbiq olunur. Ona görə də fərqli qiymətləndirmə forması aparmaq mümkün deyil".
Ekspert əlavə edib ki, kurikulum tətbiq olunan siniflərdə bu qiymətləndirmə üsulu həm effektiv, həm də obyektiv sayılır:
"Bu qiymətləndirmə forması kurikulumun tərkib hissəsidir. Dünyada da kurikulumla tədris olunan siniflərdə qiymətləndirmə eyni prinsiplərlə aparılır", - deyə İlqar Orucov vurğulayıb.
Qeyd edək ki, KSQ və BSQ qiymətləndirmələri tədris ilində müəyyən vaxtlarda aparılır. Adətən, KSQ-lər hər ay, BSQ isə hər yarımilin sonunda təşkil olunur.
Türkan İsgəndərli
tag: İlqar Orucov,İctimai Şura üzvü,KSQ,BSQ,Todaypress.tv,
