“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirildi

Elm və Təhsil

18.06.2025 10:20

Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Yüksək Texnologiyalar Parkında (YT Park) görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Yüksək Texnologiyalar Parkının rəhbərliyi və inzibati heyəti iştirak edib.

Görüşün əsas məqsədi YT Parkın fəaliyyət modeli ilə tanış olmaq, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək və innovasiya ekosistemində ali təhsil və tədqiqat institutlarının daha fəal iştirakına dəstək vermək olub.

Görüş zamanı YT Parkın innovasiya və texnologiya yönümlü fəaliyyəti, elmi tədqiqatların kommersiyalaşdırılması, startaplara dəstək və texnologiya transferi sahəsində görüləcək işlər barədə məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüş iştirakçıları sözügedən layihə çərçivəsində keçirilən bu formatlı görüşlərin qarşılıqlı əməkdaşlığa və texnologiya yönümlü potensialın birgə inkişafına töhfə verəcəyini vurğulayıblar.

Görüş çərçivəsində nazirliyin əməkdaşları YT Parkın ümumi ərazisi, infrastrukturu və müasir laboratoriya imkanları ilə də yerində tanış olub, innovasiya fəaliyyətinin təşkili və texniki təminatı barədə ətraflı məlumat alıblar.

tag: Elm,Təhsil,Görüş,Tədbir,Todaypress.tv,

photo
photo