“Yüksəliş”in 5-ci mövsümünün final mərhələsinə start verildi

Elm və Təhsil

18.07.2025 15:20

İyulun 18-də “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinə start verilib.

TodayPress TV xəbər verir ki, açılış mərasimində “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva qaliblər, media nümayəndələri və finalçılar iştirak ediblər.

Qeyd edək ki, final mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 55 ekspert cəlb edilib. Onlar real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə də ətraflı məlumatlandırılıblar. 

Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı”(Assessment Conference) metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır. 

Final mərhələsində iştirakçılar “İdarəçi rollar modeli” üzrə fərqli situasiyaları həll etməklə öz bilik və idarəetmə bacarıqlarını nümayiş etdirəcək.

Üç gün davam edəcək bu mərhələdə əvvəlki dörd mərhələni uğurla tamamlayan 124 iştirakçı mübarizəyə qatılıb. Final mərhələsi 20 iyul tarixində başa çatacaq və ölkənin ən istedadlı kadrları arasında növbəti qaliblər müəyyən olunacaq. Bununla da beşinci “Yüksəliş” müsabiqəsi yekunlaşacaq. 

Töhfə Səməd

tag: Yüksəliş,Müsabiqə,5-ci mövsüm,Final,Todaypress.tv,