Ekspert: “Bu məsələlər yalnız təhsil sistemi ilə deyil, həm də sosial siyasətlə bağlıdır”
Elm və Təhsil
16.09.2025 17:02
"Azərbaycan təhsil sistemində ən ciddi sosial-iqtisadi və demoqrafik problemlərdən biri, son illərdə I sinfə gedən uşaqların sayında sürətli azalmanın müşahidə olunmasıdır".
Təhsil eksperti Kamran Əsədov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu azalma təkcə təhsil sahəsinə təsir etmir. Bu vəziyyət həm də ölkədə doğum səviyyəsinin düşdüyünü, ailələrin daha az uşaq sahibi olmaq istədiyini və ümumilikdə əhalinin sayında dəyişikliklər olduğunu göstərir.
“Şagird sayının azalması göstərir ki...”
"Əhalinin sağlamlığı haqqında” və “Təhsil haqqında” qanunlarda uşaqların təhsilə əlçatanlığını təmin etmək dövlətin əsas vəzifələrindən biri kimi göstərilir. Ancaq şagird sayının azalması göstərir ki, bu məsələlər yalnız təhsil sistemi ilə deyil, həm də sosial siyasət, ailə dəyərlərinin gücləndirilməsi və doğumun stimullaşdırılması ilə bağlıdır", - o bildirib.
Ekspert, həmçinin deyib:
“Müsbət tərəf ondan ibarətdir ki, şagird sayının azalması siniflərin daha azsaylı təşkilinə imkan yaradır. Əvvəllər Bakıda bəzi məktəblərdə siniflərdə 40-45 şagird təhsil alırdısa, indi bəzi rayonlarda bu rəqəm 25-28 nəfərə qədər azalıb. Bu da müəllimlərin şagirdlərlə daha fərdi işləməsinə şərait yaradır. Lakin bu azalmanın mənfi tərəfləri də var. Bu tendensiya davam etsə, gələcəkdə universitetlərdə abituriyentlərin sayı azalacaq və əmək bazarında gənc işçi qüvvəsi çatışmayacaq. 2035-ci ildə bu problem iqtisadiyyata və pensiya sisteminə də mənfi təsir göstərə bilər".
Kamran Əsədov bildirib ki, əhalisi azalan ölkələr bu problemi yalnız təhsil və sosial siyasətin uzlaşdırılması ilə həll edə biliblər. Məsələn, Yaponiyada ailələrə ikinci və üçüncü uşaq üçün xüsusi müavinətlər verilir. Macarıstanda çoxuşaqlı ailələrin ipoteka borcları silinir. Fransada isə uşaq bağçaları və məktəblər pulsuz edilir. Beləliklə, ailələr çox uşaq sahibi olmağa təşviq olunur.
Ekspertin fikrincə, Azərbaycanda da bu məsələnin həlli üçün dövlətin demoqrafik strategiyası gücləndirilməli, ailələrə sosial dəstək artırılmalı və doğum stimullaşdırılmalıdır.
Qeyd edək ki, rəsmi statistikaya görə, 2019-2020-ci tədris ilində 159 min 644 uşaq birinci sinfə başlamışdısa, 2025-2026-cı tədris ilində bu rəqəm 130 min nəfərə qədər enib. Bu, 7 il ərzində 32 min uşaq azalma, yəni təxminən 20 faizlik geriləmə deməkdir.
Türkan İsgəndərli
tag: Kamran Əsədov,Ekspert,Təhsil,Sosial Siyasət,Todaypress.tv,
