Bayağı rəqslər, döymələr və bəzədilmiş köynəklər... - Məzun günündən geriyə qalan suallar...

Elm və Təhsil

16.06.2025 15:13

"Məzun günlərində səslənən musiqilər, nümayiş olunan rəqslər, şagird və tələbələrin üzərindəki döymələr, simvolik işarələr və mənasız yazılarla bəzədilmiş köynəklər ciddi suallar doğurur". 

TodayPress TV xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, məktəb, universitet, dərslik sadəcə elm verən qurumlar deyil, şəxsiyyət formalaşdırmalı olan sistemlərdir. 

"Əgər bir şagirdin idealı rep klipindəki zorakı obrazdırsa, əgər universitet məzunu üçün qəhrəmanlıq brend geyinmək və sosial şəbəkədə izləyici yığmaqdırsa, deməli biz onları yalnız akademik deyil, mənəvi olaraq da tərk etmişik".

Ekspert bildirib ki, gənclər milli qəhrəmanlardan deyil, sosial mediadan və xarici filmlərdən qəhrəman obrazı götürürlər. Onun fikrincə, bu, dəyər və tərbiyə böhranıdır:

"Niyə məktəblinin köynəyində milli qəhrəmanın şəkli, yaxud “mən müəllimimi sevirəm” cümləsi yox, məchul oğru aləminin işarəsi yazılıb? Niyə məzun musiqisi Qarabağ Zəfərindən yox, Los-Anceles küçələrindən gəlir? Cavab aydındır: çünki sistem tərbiyə etmir, sadəcə məlumat ötürür. Bu, gələcəyin faciəsidir”.

Kamran Əsədov hesab edir ki, təhsil sisteminin əsas hədəfi yalnız bilik vermək deyil, eyni zamanda vətənpərvərlik, əxlaq və zəhmətə sevgi kimi dəyərləri aşılayan sağlam şəxsiyyət formalaşdırmaq olmalıdır.

Türkan İsgəndərli

tag: Kamran Əsədov,Ekspert,Məzun Günü,Şagirdlər,Todaypress.tv,

photo