3 mindən çox yer BOŞ QALDI: “Mənasız” ixtisaslardır, yoxsa... – Təhsil eksperti ÇAĞIRIŞ ETDİ
Elm və Təhsil
26.08.2025 11:59
“Boş qalan plan yerləri əmək bazarının tələblərinə uyğun ixtisaslara da aiddir. Stereotiplərdən uzaq durmaq lazımdır”.
Təhsil eksperti Elçin Əfəndi bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbulun birinci mərhələsinin nəticələrinə əsasən, birinci ixtisas qrupunda 1953, ikinci qrupda 393, üçüncü qrupda 243, dördüncü qrupda 225, beşinci qrupda isə 289 boş yer qalıb. Bu yerlərin bir hissəsi dövlət sifarişi əsasında ayrılmış plan yerləridir.
“Bu il birinci ixtisas qrupunda boş qalan yerlərin 895-i dövlət sifarişlidir. Bu boşluğun səbəbi isə yeni tətbiq edilən seçim mexanizmidir. Əvvəlki illərdə abituriyentlər həm kimya, həm də informatika fənlərindən imtahan verərək alt qruplar üzrə seçim edə bilirdilər. Bu il isə onlara yalnız bir istiqamət üzrə seçim imkanı verildi. Nəticədə informatika üzrə maraq kəskin artsa da, bu, kimya üçün eyni olmayıb. Bu da balanssız bölgüyə və plan yerlərinin dolmamasına gətirib çıxarıb.
Abituriyentlər arasında boş qalan yerlərin “mənasız” və ya əmək bazarında tələbat olmayan ixtisaslara aid olduğu fikrinin dolaşdığını deyən ekspert bu yanaşmanı qeyri-obyektiv sayır:
“Məsələn, birinci qrupda aerokosmik, enerji və ekoloji mühəndislik kimi gələcəkdə ciddi tələbat duyulacaq sahələrdə də boş yerlər var. Eyni hal ikinci qrupda – dövlət idarəetməsi, statistika və turizm bələdçiliyi sahələrində də müşahidə olunur. Yəni boş yer qalması həmin ixtisasların əhəmiyyətsiz olduğu anlamına gəlmir”.
O əlavə edib ki, dördüncü ixtisas qrupunda əsas tibbi ixtisaslar üzrə yerlər dolub, lakin kənd təsərrüfatı, fizioterapiya və stomatologiya kimi sahələrdə hələ də seçim imkanı mövcuddur.
E.Əfəndinin fikrincə, abituriyentlər boş qalan yerlərə stereotip yanaşmadan çəkinməli, həmin ixtisasların perspektivini düzgün qiymətləndirməlidirlər.
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub. İxtisas qrupları üzrə ümumilikdə 3 min 100-dən artıq boş yer qalıb.
Dövlət İmtahan Mərkəzi məlumat yayıb ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Töhfə Səməd
tag: Elçin Əfəndi,Ekspert,İmtahan,İxtisas,Plan yeri,Todaypress.tv,
