Zelenski: "Ukrayna 18-ci sanksiya paketinin razılaşdırılması üzərində işləyir"

Dünya

19.07.2025 15:00

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin xarici işlər naziri Andrey Sibiqanın hesabat verdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqı ilə 18-ci sanksiya paketinə dair razılaşmaları yekunlaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

“Sibiqadan hesabat aldım. Avropa İttifaqı ilə tərəfdaşlarımız arasında 18-ci sanksiya paketinə dair işlər yekunlaşdırılıb. Müvafiq paketin Ukrayna qanunvericiliyi çərçivəsində operativ şəkildə uyğunlaşdırılması barədə tapşırıq verdim. Bununla yanaşı, Avropa İttifaqına üzv olmayan Avropa ölkələri ilə də həmin sanksiya rejimlərinə qoşulmaları üçün iş aparılır”, - deyə Zelenski qeyd edib.

O əlavə edib ki, ABŞ ilə davam edən razılaşmalar barədə də məlumat alıb:

“Nazir ABŞ ilə hazırda davam edən razılaşmalarla bağlı da məlumat verdi. Prosesdə müsbət dinamika var – yaxşı nəticələrə ümid edirik və əməkdaşlığımızı daha da gücləndirmək niyyətindəyik. Bazar ertəsi səfirlərlə görüş planlaşdırılır, burada ABŞ ilə gələcək münasibətləri də əhatə edən prioritetlər müəyyən olunacaq”.

Zelenskinin sözlərinə görə, görüş zamanı Rusiya-Gürcüstan sərhədindəki vəziyyət də müzakirə olunub:

“Nazir Rusiya-Gürcüstan sərhədindəki vəziyyət barədə də məlumat verdi. Rusiya ərazisindən sənədsiz və xəbərdarlıq edilmədən Gürcüstan ərazisinə çıxarılan Ukrayna vətəndaşları ilə bağlı ciddi narahatlıq var. Xüsusilə də söhbət Rusiya nəzarətindəki ərazilərdəki həbsxanalardan azad edilmiş ukraynalılardan gedir. Ukrayna diplomatları həmin şəxslərin ölkəyə qaytarılması üçün tranzit yolları təşkil edir”.

O, həmçinin bəzi ölkələrə yeni səfirlərin təyin olunması məsələsinin də gündəmdə olduğunu bildirib.

Töhfə Səməd

tag: Ukrayna ,Volodimir Zelenski ,Andrey Sibiqa,Avropa İttifaqı,Todaypress.tv,