Zelenski Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı
Dünya
17.08.2025 14:00
Rusiyanın süni intellekt elementləri ilə təchiz olunmuş zərbə dronlarının inkişafını məhdudlaşdırmaq məqsədilə yeni sanksiyalar tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.
Dövlət başçısının Ofisi prezidentin 599/2025 saylı fərmanını açıqlayıb. Bu fərmanla Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının 16 avqust 2025-ci il tarixli “Fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” qərarı qüvvəyə minir.
Sənədə əsasən, sanksiyalar siyahısına Rusiyadan və Çindən olan 39 fiziki şəxs və 55 hüquqi şəxs daxil edilib. Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Prezidentin sanksiya siyasəti üzrə müşaviri Vladislav Vlasuk jurnalistlərə açıqlamasında qeyd edib ki, Rusiya süni intellektdən istifadə etməklə pilotsuz uçuş aparatlarının istehsalına böyük sərmayələr yatırır və bu proses ciddi qəbul edilməlidir. O bildirib ki, tətbiq edilən dronlar daha yüksək muxtariyyət, dəqiqlik və radioelektron mübarizə vasitələrinə qarşı dayanıqlılıq nümayiş etdirir, hədəfləri operatorun iştirakı olmadan müəyyənləşdirib izləyə bilir.
Vlasukun sözlərinə görə, belə dronların istehsalı üçün müasir elektron komponent bazası və böyük hesablama resursları həyati əhəmiyyət daşıyır. Hazırlanmış sanksiya paketi də məhz bu imkanları təmin edən şirkətləri hədəfə alır.
tag: Zelenski,Rusiya,Sanksiya,Süni İntellekt,Todaypress.tv,