Zelenski Rusiya ilə danışıqları mənasız hesab edir

Dünya

04.06.2025 17:28

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüşlər artıq mənasını itirib. 

TodayPress TV xəbər verir ki, "Ukrinform" məlumat yayıb.

Onun sözlərinə görə, bu danışıqlar vacib qərarların qəbuluna gətirib çıxarmır.

Zelenski hesab edir ki, Rusiya atəşkəsə hazır deyil və Moskvanın danışıqlara göndərdiyi nümayəndələr bu məsələni həll etmək səlahiyyətində deyillər. O deyib ki, bu kimi qərarlar yalnız dövlət başçıları səviyyəsində qəbul oluna bilər.

Prezident təklif edib ki, liderlərin görüşünə qədər Rusiyaya atəşkəs elan edilsin. Görüşün yeri kimi İstanbul, Vatikan və ya İsveçrəni təklif edib. Zelenski bildirib ki, Ukrayna hər an belə bir görüşə hazırdır.

O, həmçinin ümid etdiyini bildirib ki, bu təşəbbüsü ABŞ prezidenti Donald Tramp da dəstəkləyəcək.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin ikinci görüşü keçirilib. Görüşdə atəşkəs şərtləri müzakirə olunub və tərəflər ağır xəstə və 25 yaşdan aşağı olan hərbi əsirlərin mübadiləsinə dair razılıq əldə ediblər.

Türkan İsgəndərli

tag: Ukrayna,Zelenski,Rusiya,Görüş,todaypress.tv,