Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Dünya
19.06.2025 09:53
Yeni Zelandiya hakimiyyəti Rusiya Federasiyasına və onun tərəfdarlarına qarşı sanksiyaları genişləndirib. Yeni siyahıya daha 18 fiziki və hüquqi şəxs, eləcə də Rusiyanın “kölgə donanması”na məxsus 27 gəmi daxil edilib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Pitersə istinadən "TASS" məlumat yayıb.
Nazirin sözlərinə görə, sanksiyalar yalnız Rusiya və Belarusla məhdudlaşmır – məhdudiyyətlər həmçinin dörd Şimali Koreya vətəndaşını və iki iranlını da əhatə edir.
Yeni sanksiyalar çərçivəsində Rusiyanın aviasiya sənayesinə aid müəssisələri, o cümlədən “Aeroskan”, “A.S. Yakovlev adına Konstruktor Bürosu” və Qərb tərəfindən uzun müddətdir sanksiya altında olan “Kalaşnikov” konserni də hədəfə alınıb. ABŞ bu konsernə qarşı sanksiyaları hələ 2015-ci ildə tətbiq etmişdi.
Xatırladaq ki, Yeni Zelandiya 2022-ci ilin mart ayından etibarən Rusiyaya qarşı mütəmadi olaraq sanksiyalar tətbiq edir. Bu məhdudiyyətlər indiyədək 1800-dən çox Rusiya vətəndaşını əhatə edib. Bu prosesin hüquqi əsasını gücləndirmək üçün ölkə parlamenti xüsusi qanun da qəbul edib.
Töhfə Səməd
tag: Yeni Zelandiya,Rusiya ,Uinston Piters,Sanksiya,todaypress.tv,